Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində noyabrın 5-də “Sən azadsan!” kitabının təqdimat mərasimi keçirilib.

Kitabxananın nəşrə hazırladığı kitabda 20-ə yaxın gənc müəllifin Azərbaycanın şanlı Zəfər tarixi – 44 günlük müharibə mövzusunda yazıları toplanıb.

Ümumilikdə 30-dan çox ədəbi nümunənin yer aldığı kitabın layihə rəhbəri və ideya müəllifi Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

Tədbiri Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov açıb.

Kitabxananın İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər  haqqında məlumat verib. Tədbir iştirakçılarına kitabxana əməkdaşları tərəfindən hazırlanan, Zəfər Gününə həsr edilən virtual sərgi nümayiş etdirilib.

Kitabda imzaları yer alan müəlliflərdən İntiqam Yaşar, Ramil Əhməd, Elvin Əlizadə, Şəhanə Müşfiq, Elmin Nuri və başqaları ürək sözlərini, əsərləri haqqında fikirlərini bölüşüblər.

44 günlük müharibənin iştirakçısı Həsən Kür Vətən sevgisindən, Vətən övladlarının qəhrəmanlığından danışaraq, müharibədən sonra qələmə aldığı “Şükür” şeirini söyləyib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.