Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistana səfərə gedib.

İki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Həmin gün Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Görüşdə iki ölkənin nümayəndə heyətləri də iştirak edib.

Noyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqəndə gəlib. Həmin gün Türkiyənin dövlət başçısına Özbəkistanın ali mükafatı – “İmam Buxari” ordeni təqdim edilib.

TDT-nin IX Zirvə görüşündə həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, eləcə də təşkilatda müşahidəçi statusu olan Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri, sabiq prezident Qurbanqulu Berdiməhəmmədovun iştirak edəcəyi gözlənilir.

“Türk sivilizasiyasının yeni erası: ümumi inkişaf və rifah yolunda” mövzulu sammitdə Türk Dövlətləri Təşkilatına sədrlik Türkiyədən Özbəkistana keçəcək.

Zirvə görüşü öncəsi, noyabrın 10-da Səmərqənddə TDT Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası keçirilib.