12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq səsverməsi – referendum keçirilib.

MSK-nın rəsmi məlumatına görə, səsvermədə ölkə üzrə qeydə alınmış seçicilərin 86 faizi (3,5 milyon nəfər) iştirak etmiş, onların 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi.

Konstitusiyanın mətni 1995-ci il noyabrın 27-də Milli Məclis tərəfindən təsdiqlənərək qüvvəyə minib. Prezident Heydər Əliyevin fərmanı (6 fevral 1996-cı il) ilə 12 noyabr Konstitusiya Günü elan olunub. 2006-cı ildə rəsmi bayramların qeyd olunmasını nizamlayan qanunvericiliyə (Əmək Məcəlləsi) edilən əlavə və düzəlişlər nəticəsində Konstitusiya Gününün rəsmi bayram statusu saxlanılsa da, 12 noyabr iş günü elan edilib.

1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması üçün əsaslı zəmin idi.

Konstitusiya Azərbaycanın hüquq müstəvisinə də istiqrar və aydınlıq gətirdi. Çünki bu sahədə də qarışıqlıq vardı. Konstitusiyada demokratik inkişaf, hüquqi dövlətçilik, hakimiyyət bölgüsü, insan haqlarına təminat və s. məsələlərə dair mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətləri əks tapıb.

5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırılması idi. Əsas Qanununun təxminən üçdə biri məhz bu sahəni əhatə edir.

Lakin bu müddəaların Konstitusiyada təsbitlənməsi ilə iş bitmirdi, onları reallıqda təmin etmək lazım idi. 1995-ci ildən sonrakı dövrə nəzər salsaq, görərik ki, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilib. O cümlədən 1998-ci ildə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri – Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb.

2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan hüquqları üzrə müvəkkil – Ombudsman təsisatı yaradıldı.

Bütün bu proseslər, habelə zaman və şəraitin diktə etdiyi digər dəyişikliklər Konstitusiyanın da yenilənməsini zəruri edir.

2002-ci il avqustun 24-də keçirilən ümumxalq referendumunda Konstitusiyaya 24 maddə üzrə 39 dəyişiklik edildi. 2009-cu ilin martın 18-də keçirilən referendumla dəyişikliklər Konstitusiyanın 29 maddəsini (ümumilikdə 41 əlavə və dəyişiklik) əhatə etdi. 2016-cı il sentyabrın 26-da keçirilmiş üçüncü referendumda isə Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər oldu, habelə Konstitusiya yeni 6 maddə əlavə edildi.

12 noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən virtual sərgi hazırlanıb.

Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Konstitusiya haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr əhatə olunub.

Konstitusiya Günü ilə bağlı virtual sərgi bu linkdə: http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm