Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının sərəncamının icrası ilə bağlı tədbirlər planına uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən 11-23 noyabr tarixlərində “Fikrət Əmirov – 100” Musiqi Festivalı keçirilir. Festivalın proqramına silsilə konsert və tamaşalar daxildir.

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarın “Nizami” baletinin tamaşası ilə başlayan festival 13 noyabrda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında davam edəcək. Burada Akademik Opera və Balet Teatrının truppası bəstəkarın “Sevil” operasını nümayiş etdirəcək. Festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert proqramı da nəzərdə tutulub. 18 noyabrda bu məkanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında da festivalın iki konsert proqramı olacaq. Noyabrın 15-də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, ayın 17-də isə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı sənətsevərlər qarşısına çıxacaq.

Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Fikrət Əmirovun əsərlərindən ibarət vokal musiqisi axşamı təşkil olunacaq.

Noyabrın 22-də Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

Festivalın son günü, noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.