Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlük Şimali Kiprdə ruh yüksəkliyi ilə qarşılanıb...

 

Xəbər verildiyi kimi, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən IX Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) təşkilata müşahidəçi üzv qəbul edilib. TDT sammitində alınan bu əlamətdar qərar Şimali Kiprdə ruh yüksəkliyi ilə qarşılanıb.

ŞKTC Prezidenti Ersin Tatar bununla bağlı mediaya açıqlamasında “Bu bir tarixi addım, tarixi qərardır” deyə bildirib. O vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyətinin öz adı ilə bir beynəlxalq təşkilata qəbul edilməsi adada məhz iki dövlətin mövcudluğu yönündə illərdir apardığımız siyasi mücadilənin dəstəklənməsi deməkdir və bunun önəmi çox böyükdür.

E.Tatar diqqətə çatdırıb ki, ŞKTC bundan öncə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) fərqli status və adla müşahidəçi üzv qəbul edilib.

Xatırladaq ki, 2004-cü ildə BMT-nin Kiprin federativ əsasda birləşdirilməsinə dair “Annan planı”nda (Kiprin yunan bölümünün referendumda əleyhinə səs verməsi səbəbindən reallaşmadı) adanın şimalındakı türk icması ilə bağlı “Kipr Türk Dövləti”, cənubdakı yunan icması ilə bağlı “Kipr Yunan Dövləti” anlayışları yer almışdı. ECO və İƏT də Şimali Kipri ilə bu adla müşahidəçi üzvlüyə almışdı.

“Amma indi Şimali Kipr Türk Cümhuriyyətinin məhz öz adı ilə Türk Dövlətləri Təşkilatına qəbul edilməsi bizim siyasi mücadiləmizə, suverenlik mübarizəmizə böyük bir töhfədir”, – deyə E.Tatar vurğulayıb.

O, tarixi qərarın qəbul olunması üçün göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, xarici işlər naziri Mövlud Çavuşoğluna və Türk Dövlətləri Təşkilatının dövlət başçılarına, xarici işlər nazirlərinə, bütün diplomatlarına təşəkkür edib.

“Kipr türkləri tək deyil. Şimali Kipr Türk Cümhuriyyəti yavaş-yavaş, addım-addım beynəlxalq ictimaiyyətdə qəbul görməkdədir”, – deyə ŞKTC Prezidenti bildirib.

ŞKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu da ölkəsinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi ilə bağlı açıqlama yayıb.

“Kipr türk xalqı və Şimali Kipr Türk Cümhuriyyəti üçün 11 noyabr 2022-ci il tarixi bir gündür. Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 39-cu ildönümünə dörd gün qalmış Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsini çoşqu və qürurla alqışlayıram” – deyə açıqlamada bildirilir.

T.Ertuğruloğlu bu prosesin uğurla yekunlaşmasına görə Türkiyə Prezidenti Ərdoğana, Türkiyə XİN-ə minnətdarlığını ifadə edərək deyib: “Dövlətimizin ilk dəfə konstitusiyasında təsbit olunmuş adı ilə bir beynəlxalq təşkilata üzv olması bu tarixi günə xüsusi bir anlam qatır. Bu uğur Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyə Cümhuriyyətinin Kipr məsələsində iki dövlət əsasına dayanan baxışının doğru, realist, eləcə də regional və beynəlxalq konyunktura ilə uyğun olduğunu isbat edir”.

Qeyd edək ki, Kipr yunanlarının Yunanıstanın hərbi dəstəyi ilə adanın şimalında yaşayan türklərə qarşı deportasiya və enosis (Kiprin Yunanıstana birləşdirilməsi) siyasətinə cavab olaraq 20 iyul 1974-cü ildə adaya Türkiyə hərbi kontingenti yeridilib. O vaxtdan Şimali Kipr de-fakto müstəqil dövlətdir. 1983-cü ilin 15 noyabrında Şimali Kipr Türk Cümhuriyyəti elan edilib. ŞKTC-nin müstəqilliyi indiyədək yalnız Türkiyə tərəfindən tanınıb.

V.Orxan