Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmindəyik.

Bu sözlər noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair imzalanan Səmərqənd Bəyannaməsində yer alıb.

Bəyannamədə TDT dövlət və hökumət başçıları Azərbaycanın azad edilmiş ərazilərində apardığı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını da ifadə ediblər.

Liderlər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıq verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər.

Sənəddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi də vurğulanıb.

Üzv dövlətlərin aidiyyəti qurumları müvafiq orqanlar, o cümlədən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media qurumları, elm adamları, qərar qəbul edən və rəy verən şəxslər arasında əlaqələri və koordinasiyanı gücləndirmək üçün əsasən ictimai diplomatiya, kommunikasiya və media sahələrində bir-biri ilə əməkdaşlıq etmək, eləcə də beynəlxalq sferada dezinformasiya ilə uğurla mübarizə aparmaq və geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə əməkdaşlıq üçün yeni imkanlar yaratmaq barədə təlimatlandırılıb.

Bəyannamədə yeni yaradılmış xüsusi işçi qrupu vasitəsilə TDT çərçivəsində “e-imza” pilot layihəsinin həyata keçirilməsi, eləcə də ictimai xidmətlərin transformasiyası üzrə əməkdaşlığın davam etdirilməsi, e-xidmətlər üçün rəqəmsal platformaların yaradılması ilə bağlı üzv dövlətlərin IT üzrə məsul nazirliklərini təlimatlandırır, üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək Rəqəmsal İpək Yolu çərçivəsində Trans-Xəzər fiberoptik infrastrukturun, sözügedən layihənin həyata keçirilməsində İT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər.

Eyni zamanda, Azərbaycanın Şamaxı şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Turizm Paytaxtı” elan edilməsi yüksək qiymətləndirilib.

Sənəddə, habelə 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Türkiyənin Bursa şəhərində təşkil olunan fəaliyyətlərdən məmnunluq bildirilib, eləcə də Azərbaycanın Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi yüksək qiymətləndirilib, 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq mədəniyyət günləri daxil olmaqla, fəaliyyətlərə dəstək ifadə edilib.

TDT IX Zirvə görüşündə “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”, həmçinin “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası” da təsdiqlənib. TDT Ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin “Türk Sivilizasiyası Paytaxtı” elan olunması haqqında qərarlar qəbul edilib. Eyni zamanda, gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalanıb. Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar da qəbul olunub.