Müasir İncəsənət Muzeyində noyabrın 11-də açılan sərgi belə adlanır: “O”. Kuratoru Əməkdar rəssam Səbinə Şıxlinskaya olan sərgi qadınların həyatlarına – onların cəmiyyətdəki roluna, sevinc, kədər və problemlərinə həsr olunub.

Açılış mərasimində Latviyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa, BMT-nin Rezident Əlaqələndirici Ofisinin müşaviri Şəmsiyyə Mustafayeva və Səbinə Şıxlinskaya çıxış edərək layihə və sərgi barədə məlumat veriblər.

Bildirilib ki, Latviyanın Azərbaycandakı Səfirliyi BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Norveç Krallığının Ankaradakı Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı kimi gender bərabərliyi üzrə müasir beynəlxalq incəsənət əsasında “O” layihəsi həyata keçirilir. Bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik haqqında” 1325 saylı qətnaməsinə həsr edilib.

Qeyd edilib ki, layihənin proqramına tanınmış beynəlxalq fotojurnalist Reza Deqatinin gender bərabərliyi üzrə təqdimatı, müzakirələr, latviyalı rejissor İnara Kolmanenin iştirakı ilə “Bille” filminin nümayişi, rejissor Tərlan Rəsulov və yazıçı İsmayıl İmanın birgə yaradıcılığı ilə “Bir damla günəş, bir nəfəs külək və bir azda sevgi” tamaşası, habelə Müasir İncəsənət Muzeyində “O” sərgisi daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsini ehtiva edir. Azərbaycan dilində “o” hər iki cins üçün eynidir, yalnız məzmunda hansı cinsin nəzərdə tutulduğu aydın olur.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə Şahnaz Ağayeva (Azərbaycan-Türkiyə), Leyli Ələkbərova (Azərbaycan), İrina Eldarova (Azərbaycan), Fərhad Nikfam (Azərbaycan), Tereza Puig (Norveç), Vüsal Rəhim(Azərbaycan), Nils Skapaans (Latviya) və Kaarlis Viitolsun əsərləri nümayiş olunur.