AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Babayeva-Əbilovanın “Xətib Təbrizi – Azərbaycan mətnşünaslığının ön sözü” monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada XI əsrin görkəmli şəxsiyyəti, Azərbaycanın böyük mətnşünas alimi, şair, dil və ədəbiyyat bilicisi Xətib Təbrizinin (1030-1109) VIII əsr ərəb şairi və dilçisi əl-Mufaddal əd-Dabbinin “əl-İxtiyarat” antologiyasına yazdığı şərh tədqiq olunur. “Şərhu-İxtiyaratil-Mufaddal” adlanan əsərin X.Təbrizinin əli ilə yazılmış, Tunis Respublikasının Milli Kitabxanasında mühafizə olunan avtoqraf nüsxəsi Azərbaycanda ilk dəfə olaraq tədqiqata cəlb edilib, elmi-paleoqrafik xüsusiyyətləri araşdırılıb, antologiyaya daxil edilmiş şairlərin və onların qəsidələrinin sayı müəyyənləşdirilib. Monoqrafiyada əsərin digər əlyazma, eləcə də çap nüsxələri barədə də məlumatlar yer alır.

Nəşrin elmi redaktoru və ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçiləri professorlar Kamandar Şərifov və Aida Qasımovadır.