Rusiyanın “Böyük Asiya” telekanalında Bakı haqqında veriliş yayımlanıb. Kanalın “Dünyanın ən yaxşı şəhəri – Moskva” proqramının aparıcısı, əslən İngiltərədən olan Maykl Gibson noyabr ayından yeni formatda verilişlə tamaşaçıların görüşünə gəlib. O, ilk dəfə olaraq paytaxtımızla bağlı “Moskva-Bakı. Sevgi tarixçəsi” adlı geniş reportaj təqdim edib.

Reportajda ilk olaraq Azərbaycan və Rusiya arasındakı dostluq əlaqələrindən söz açılır. Daha sonra aparıcı Bakının gəzməli-görməli məkanları barədə məlumat verir. Aparıcı 27-28 oktyabr tarixlərində Bakıda keçirilən  XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində paytaxtımızın qonağı olan Avropa və Asiya respublikalarının görkəmli siyasi və ictimai xadimlərinin Azərbaycan və Bakı ilə bağlı təəssüratlarını təqdim edir.

Moskva şəhərinin Xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryomin, Rusiya Dövlət Dumasının deputatı, şahmat üzrə dünya çempionu Anatoli Karpov və başqalarının fikirlərinin yer aldığı reportajda Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi haqqında məlumat verilir. Həmçinin Bakının tarixi binaları, heykəl və prospektləri, yenilənən metro stansiyaları, milli mətbəxi də reportajda geniş əks olunub. Paytaxt sakinlərinin qonaqpərvərliyi, turistlərin rəyləri və Bakıda yaşayan bir sıra xalqların nümayəndələrinin düşüncələri reportajın əsasını təşkil edir.

Reportajın bir hissəsi Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətinə həsr olunub. Mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov mədəniyyət ocağının yaranma tarixi və fəaliyyəti barədə danışıb. Bildirib ki, Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Mərkəz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin sərəncamı ilə inşa olunub. 2008-ci il dekabrın 27-də təntənəli açılış mərasimi keçirilib. Qeyd olunub ki, muğamın ifasında istifadə olunan əsas alətlər – tar, kamança UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Müəllif reportajın sonunda Bakını bənzərsiz şəhər adlandıraraq hər kəsi bu unikallıqla tanış olmağa dəvət edir.

Veriliş haqqında ətraflı məlumatı kanalın sayından əldə edə bilərsiniz: https://bigasia.ru/content/news/society/moskva-baku-istoriya-lyubvi-smotrite-premeru-na-telekanale-bolshaya-aziya/

Qeyd edək ki, “Böyük Asiya” telekanalı və onun saytı 2017-ci ildə XVII Beynəlxalq Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində istifadəyə verilib. Layihənin məqsədi Rusiya auditoriyasını Asiya ölkələrində baş verən hadisələrdən xəbərdar etmək, həmçinin Asiya xalqlarının tarixi, mədəniyyəti və ənənələri ilə tanış etməkdir.

Lalə Azəri