Azərbaycan elminə və mədəniyyətinə itki üz verib. Tanınmış arxeoloq, numizmat, tarix üzrə elmlər doktoru, professor, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri Əli Rəcəbli noyabrın 12-də, 95 yaşında vəfat edib.
Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olub. 1951-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra indiki Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, arxeoloq Saleh Qazıyevin təklifi ilə numizmatika ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olub. O, elmi rəhbəri, respublikamızda numizmatika elminin təşəkkülündə böyük xidmətləri olan numizmat-arxeoloq, professor Yevgeni Paxomovun layiqli yetirməsi kimi bu sahədə mühüm uğurlar əldə edib.
1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli, 1963-cü ildə arxeologiya ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1968-ci ildən muzeyin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri vəzifəsində çalışan Əli Rəcəbli eyni zamanda bir sıra ali təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib, metodik tövsiyə və dərs proqramlarının müəllifi olub. Alimin 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi bu sahədə dəyərli vəsaitdir.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, həmçinin respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli Rəcəbli 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilib, 1972-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. Görkəmli alim həmçinin “Tərəqqi” medalına (2010), AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına (2017) layiq görülmüşdü.
Daim еlmi aхtarışlarda оlmuş, müasir mеtоdikaya əsaslanaraq numizmatika еlminin inkişafına töhfələr vermiş yorulmaz tədqiqatçı, bacarıqlı, işgüzar muzеy işçisi, professor Əli Rəcəbli kollektivin və həmkarlarının dərin hörmətini qazanmışdı. Alimin mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qorumaqdadır.
Əli Rəcəblinin əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.