İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Misirin Turizm və Qədim Abidələr Nazirliyi ilə birlikdə İslam ölkələrində irs obyektlərinin və muzeylərin təbii fəlakətlərdən mühafizəsi üçün fondun yaradılması təşəbbüsü ilə çıxış edib.

Təşəbbüs Misirin Şarm əl-Şeyx şəhərində keçirilən (6-18 noyabr) BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP 27) səslənib.

Təşəbbüsün təqdimatında İordaniya şahzadəsi, UNESCO-nun mədəni irs üzrə xoşməramlı səfiri Dana Firas, Misirin turizm və qədim abidələr naziri Ayman Aşur, BMT-nin inkişaf üzrə rezident nümayəndəsinin müavini Məhəmməd Bəyumi iştirak ediblər.

Sessiyada çıxış edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik qeyd edib ki, iqlim dəyişikliyi və onun təsirləri bəşəriyyətin üzləşdiyi əsas problemlərdən birinə çevrilib və bəşəriyyətin irsi üçün maddi təhlükə yaradır. O vurğulayıb ki, təbii fəlakətlər dünya təbii irsinin təxminən 33 faizinə və 29 ölkədəki 31 mədəni irs obyektinə ziyan vurub və bu mənfi tendensiya davam edir. Bu faktları nəzərə alan ICESCO iqlim sammitində sözügedən təşəbbüslə çıxış edib.

Çıxışlarda diqqətə çatdırılıb ki, irs obyektlərinin yerləşdiyi ərazilərin iqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxmasının təsirlərindən qorunması aktual məsələdir və bəşəriyyətin mədəni irsini mühafizə etmək məqsədilə yeni fondun təsis edilməsi zəruri addımdır. Yeni fondda iqlim dəyişikliyinin irs obyektlərinə və muzeylərə təsirini öyrənmək məqsədilə lazımi maliyyə vəsaiti toplanacaq və qədim irs abidələrinin mühafizəsinə sərf olunacaq.

Müzakirələrdən sonra ICESCO, UNESCO və BMT-nin İnkişaf Proqramı arasında qədim irs abidələrinin mühafizəsinə dair memorandum imzalanıb.