Türk Tarixi və Mədəniyyəti Fondu da ortaq səylərə qoşulur

 

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Tarixi və Mədəniyyəti Fondunun (TTMF) rəhbəri Nizamettin Aykurt Özbəkistana səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini (AMM) ziyarət edib.

Mərkəzin direktoru Samir Abbasov bu ilin 10-11 noyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü çərçivəsində bir sıra mədəniyyət tədbirlərinin keçirildiyini qeyd edib. Direktor 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması və bu istiqamətdə keçirilən tədbirlər, layihələr barədə də danışıb.

N.Aykurt ilk dəfə olaraq AMM-in layihəsi əsasında Nizami Gəncəvinin “Xəmsə”sinin  Özbəkistanın Xalq şairi, mərhum Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilərək nəşr olunmasını yüksək qiymətləndirib. O, həmçinin AMM-in layihəsi əsasında Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyənin arxivlərində saxlanılan nadir əlyazmalarının surətlərinin elektron versiyasının əldə olunaraq Özbəkistanın Əlyazmalar və Şərqşünaslıq institutlarının fondlarına hədiyyə edilməsini təqdirlə qarşılayıb.

N.Aykurt öz növbəsində TTMF tərəfindən yaradılan Türk Rəqəmsal Kitabxanası barədə məlumat verərək layihənin nəinki türk dövlətlərini, türk toplumları yaşayan digər ölkələri də əhatə etdiyini bildirib. S.Abbasov Azərbaycan kitabxanalarının bu layihəyə qoşulması ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi ilə məsləhətləşmələr aparıldığını deyib.

S.Abbasov ilin sonunadək Özbəkistanda Türk dünyasının istiqlal şairləri Əhməd Cavad, Abdulla Aripov və Mehmet Akif Ersoya həsr olunmuş beynəlxalq konfrans, sözügedən şairlərin əsərləri əsasında Özbəkistan Xalq Çalğı Alətləri Ansamblının ifasında konsert proqramı və Ə.Cavadın özbək dilinə tərcümə olunmuş şeirlər kitabının təqdimatının keçiriləcəyini bildirib. Direktor sözügedən layihəyə TTMF-nin də qoşulmasını təklif edib.

S.Abbasov həmçinin AMM-in təşəbbüsü və layihəsi ilə XIX əsrdə Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” ədəbi məclisinin Azərbaycan və Özbəkistan şairlərinin birgə iştirakı ilə bərpa olunduğunu diqqətə çatdırıb. O, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Şuşada bütün türk dövlətlərini təmsil edən şairlərin, musiqi xadimlərinin iştirakı ilə “Məclisi-fəramuşan”ın  beynəlxalq səviyyədə keçirilməsinə TTMF tərəfindən dəstək göstərilməsini xahiş edib.

Görüşdə TDT-nin IX Zirvə görüşündə Səmərqənd şəhərinin “Türk Sivilizasiyasının Paytaxtı” elan edilməsi, həmçinin Azərbaycan Prezidentinin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi də müzakirə edilib.

TTMF rəhbəri N.Aykurt dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irisinin Türk dünyasında, xüsusilə Özbəkistanda təbliği işinə verdiyi xüsusi töhfəyə görə S.Abbasova fondun təsis etdiyi “Nizami Gəncəvi” medalını təqdim edib.

S.Abbasov AMM-in layihəsi ilə Xurşidbanu Natəvanın və Əhməd Cavadın Azərbaycan və özbək dillərində nəşr olunan kitablarını N.Aykurta hədiyyə edib.