Albaniya Prezidenti: “2023-cü ildə Azərbaycan həftəsini keçirmək niyyətindəyik, əməkdaşlığımız intensiv mərhələyə qədəm qoyacaq”

 

Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri noyabrın 15-də Tiranada Albaniya Prezidenti Bayram Beqayla görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Albaniya prezidentləri əvvəlki illərdə bir neçə dəfə Azərbaycanda olublar. O cümlədən bu ilin iyununda Prezident İlir Meta (iyul ayında dövlət başçısı postunda onu Bayram Beqay əvəzləyib) IX Qlobal Bakı Forumunda iştirak edib: “Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir...”.

Prezident Bayram Beqay da mətbuata açıqlamasında Azərbaycan rəhbərinin Albaniyaya ilk dövlət səfərini ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradənin təzahürü kimi qiymətləndirib. “Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür”, – deyə o vurğulayıb.

İki ölkə arasında gələcək əməkdaşlıq üçün yeni istiqamətlərdən bəhs edən Bayram Beqay bildirib ki, hökumətlərarası birgə komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. “Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon-Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir... Turizm ölkələrimizin iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan uğurlu təcrübəni özündə əks etdirir. Biz bundan yararlana bilərik. Bu sahədə Azərbaycan tərəfindən qoyulacaq sərmayələri yüksək dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət sahəsində birgə işləməliyik ki, xalqlarımız daha yaxın olsun, bir-birini tanısın. Bununla bağlı iki tərəf arasında yeni sazişlər imzalana bilər...”.

Albaniyanın dövlət başçısı 2019-cu ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın göstərdiyi yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti ölkələrimizin ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığını da qeyd edib. Bildirib ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarını işğalçılardan azad etdi, beynəlxalq hüququ, ədaləti bərpa etdi: “Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Mən Sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var – qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq”.

Prezident Azərbaycan və Albaniyanın TAP layihəsində (Azərbaycan qazının Avropaya nəqli ilə bağlı Trans-Adriatik Boru Kəməri) də əməkdaşlığın önəmini vurğulayıb. Xatırladaq ki, Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır və kəmər 2020-ci ilin sonunda işə salınıb. “Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir... Eyni zamanda biz Sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq”, – deyə İlham Əliyev bildirib.

Prezident çıxışının sonunda Albaniyanın dövlət başçısını Azərbaycana rəsmi səfərə dəvət edib.

***

Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Həmin gün Prezident İlham Əliyev Tiranada “Mother Albania” (“Ana Albaniya”) abidəsini ziyarət edib. Dövlət başçısı abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Milli Qəhrəmanlar xiyabanında yerləşən 12 metrlik “Mother Albania” abidəsi 1971-ci ildə ucaldılıb. Abidə Albaniya uğrunda həlak olmuş əsgərləri qoruyan bir ananı təcəssüm etdirir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə 3 metrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

***

Qeyd edək ki, Azərbaycan-Albaniya münasibətlərinin otuz ilə yaxın tarixi (diplomatik münasibətlər 1993-cü il sentyabrın 23-də qurulub) olsa da, Balkan yarımadasının cənub-qərbində yerləşən bu ölkə (ərazisi 28,7 min kv km, əhalisi 2,8 milyon nəfər) ilə real əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr son illərə təsadüf edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılırlar.

Ötən dövrdə Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Gələn il diplomatik münasibətlərin 30-cu ildönümü ilə əlaqədar Albaniyada keçiriləcək Azərbaycan həftəsi mədəniyyət və incəsənət sahəsində əlaqələrə də təkan verəcək.

Geniş perspektivləri olan TAP layihəsini nəzərə almasaq, hələlik iqtisadi işbirliyi elə də nəzərəçarpacaq deyil.

2022-ci ilin doqquz ayı üzrə statistikaya görə, Albaniya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında 86-cı yerdə olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon dollar təşkil edib. 2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan bu ölkəyə 500 min avro humanitar yardım göstərib.

Onu da qeyd edək ki, Albaniya 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Azərbaycan və Albaniya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür.