Bakı Xoreoqrafiya Akademiyasının (BXA) akt zalında 15 noyabr tarixində görkəmli tarzən, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevin ustad dərsi keçirildi.

BXA-nın orta ixtisas təhsili pilləsinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev çıxış edərək virtuoz sənətkar Ramiz Quliyevin tələbələrə ustad dərsi keçməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.

BXA-nın rektor vəzifəsini icra edən, tədris işləri üzrə prorektor, Əməkdar artist Nailə Məmmədzadə tarzənə təşəkkürünü bildirdi və akademiya adından xatirə hədiyyəsini ona təqdim etdi.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə Ramiz Quliyevin elmi-pedaqoji fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən söhbət açdı.

Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Şərqin Paqaninisi” sayılan Ramiz Quliyevin tədris müəssisələrində keçdiyi ustad dərsləri barədə məlumat verdi. BXA-nın Sənətşünaslıq kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Sadıqov ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə dünya şöhrətli violençel ifaçısı, dirijor Mstislav Rostropoviçin qarşısında Ramiz Quliyevlə oğlu Əyyub Quliyevin əsrarəngiz çıxışından söhbət açdı. O daha sonra tarda ifa etdi və Ramiz Quliyevin ilk tələbələrindən biri olduğunu bildirdi.

Tədbirdə çıxış edən qonaqlar arasında BXA-nın Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədov, BMA-nın elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçiləri – Xalq artisti Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli Ramiz Quliyevin şəxsiyyəti və sənəti haqqında ürək sözlərini bölüşdülər.

Çıxışlardan sonra ustad dərsi başlandı. BXA-nın bakalavr pilləsi üzrə III kurs tələbəsi Fuad Süleymanov Səid Rüstəmovun “Oxu, tar” mahnısını, Xoreoqrafiya Akademiyası kollecinin tələbələri Elşən Məmmədli “Şur”, Həzrətəli Ələsgərov “Çahargah”, Musa Abdullazadə “Şahnaz” muğamlarını tarda ifa etdilər. Tələbələrin ifalarını diqqətlə dinləyən Ramiz Quliyev öz fikir və tövsiyələrini bildirdi. O, gənc tarzənlərə aləti kökləməyi, ifa zamanı tarın düzgün saxlanılması və sarı simin vacib rolu barədə danışdı. 

Qeyd edək ki, korifey sənətkar 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri verib. Ramiz Quliyevin tələbələri Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirirlər. Onun bir sıra yetirmələri ölkəmizin yüksək fəxri ad və təltiflərinə layiq görülüb, elmi dərəcə və elmi ad alıblar. 

Tədbir zamanı Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblının müşayiəti ilə Xalq artisti Ramiz Quliyev dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi nümunələri səsləndirdi.

Sonda sənətkarla xatirə şəkilləri çəkdirildi.

Nigar Bayramova
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçisi, doktorant