Bu günlərdə Türk dövlətlərinin yaxın əməkdaşlığı müstəvisində atılan önəmli addımlardan biri noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən IX Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) təşkilata müşahidəçi üzv kimi qəbul edilməsi oldu. Maraqlıdır ki, belə bir tarixi əhəmiyyətli qərar həm də hər il noyabrın 15-də qeyd olunan Şimali Kipr Türk Cümhuriyyətinin qurulduğu gün ərəfəsinə təsadüf etdi.

Kipr türkləri üçün belə bir əlamətdar günlə bağlı 1948-ci ildən Ankarada fəaliyyət göstərən Kipr Türk Kültür Dərnəyinin keçmiş rəhbəri, siyasətçi-yazar Əhməd Göksanla həmsöhbət olduq.

Əhməd bəy bildirdi ki, ŞKTC-nin TDT-yə müşahidəçi üzv qəbul edilməsi Kipr türkləri üçün əlamətdar hadisədir: “Çoxdan gözlədiyimiz bir məqam, nəhayət ki, gerçəkləşdi. Ölkəmizin yaxın gələcəkdə TDT-yə tam hüquqlu üzv qəbul olunmasını da arzu edirik. Bu məsələdə də başda Türkiyə, Azərbaycan, Qazaxıstan olmaqla Türk dünyasının dəstəyinə inanırıq”.

 

“Rauf Denktaş adada cümhuriyyəti Bülent Ecevitin dəstəyi ilə qurdu”

 

Əhməd Göksanla görüş ŞKTC-nin yaranmasının 39 ildönümü ərəfəsinə təsadüf etdiyindən hadisələrin bilavasitə şahidi olan həmsöhbətimlə həm də bu tarixi vərəqlədik: “Kipr türkləri ağır sınaqlarla üz-üzə qalmalarına baxmayaraq, hər zaman əzmlə mübarizə aparıblar. Rauf Denktaşın rəhbərliyi altında Kipr türklərinin əzmi, mübarizəsi nəticəsində 1983-cü ilin 15 noyabrında Kipr türklərinin cümhuriyyəti quruldu. O dönəmlərdə Türkiyədə Baş nazir postunda olan Bülent Ecevitin dəstəyi ilə 1974-cü il Kipr Barış Hərəkatı ilə adaya Türkiyənin hərbi kontingenti yeridildi və nəticədə 1983-cü ildə cümhuriyyətimiz elan edildi. Amma mübarizəmiz bu gün də davam edir. “Böyük ideal” xülyası ilə yaşayan Ortodoks kilsəsi adanın bütünlükdə Yunanıstana aid olması üçün 1950-ci illərin əvvəllərində EOKA terror təşkilatını qurdu. Bundan başqa, kommunist AKEL partiyasının da qurduğu PEON gənclər təşkilatı da türklərin qətli üçün təşkilatlanmışdı. EOKA hücumlarının başlamasından sonra Kıbrıs türkləri də 1958-ci ildə Türk Müqavimət Təşkilatını qurdu. 1958-ci ildə, 14 yaşımda ikən mən də bu təşkilatda mübarizəyə qatıldım”.

 

XVI əsrdə adada əhalinin 40 faizi Kipr türkləri olub

 

Əhməd bəy deyir ki, müstəmləkəçi ingilislərin 1870-ci illərdə Kipr adasını kirayə alması, sonralar o əraziyə sahiblənmə iddiası və adanın 10 faizinin türklərə aid edilməsi kimi ədalətsiz bir qərarı da oradakı soydaşlarımızı daha çox mübariz olmağa vadar edib: “Halbuki bu ərazi Kipr türklərinin məskənidir, vətənidir. Mən ingilis arxiv sənədlərinə istinad etməklə bir araşdırmamda da yazmışam. 1572-ci ildə aparılan əhali siyahıya alınmasında Kipr türklərinin adada 28 800 nəfər olduğu qeyd edilib ki, bu da o zaman adada yaşayan əhali sayının 40 faizdən çoxunu təşkil edir. Deməli, Osmanlı imperiyasının Kiprin fəthindən öncə də bu ərazidə türklər yaşayıb. Osmanlını türklər orada müqavimətlə qarşılamayıb, orduda olan türk əsgərlərinin bir qismi də o ərazidə məskunlaşdıqları üçün və bundan əlavə, Osmanlı hökumətinin verdiyi xüsusi qərarnamə ilə o vaxtdan üzü bəri türklərin sayı daha da artmağa başlayıb. Amma Yunanıstan nə etdi? 100 min vətəndaşına adada vətəndaşlıq verməklə Cənubi Kiprdə əhali sayını süni olaraq çoxaltdı”.

 

Şimali Kiprə qarşı embarqolara son qoyulmalıdır

 

Kipr Türk Kültür Dərnəyinə 2000-ci ilin əvvəllərində rəhbərlik etdiyini deyən Əhməd Göksan bu təşkilatın sonradan Türkiyənin Xarici İşlər Nazirliyinin nəzdində Şimali Kipr Türk Cümhuriyyətinə xidmət göstərdiyini bildirir: “1974-cü ildə birinci barış hərəkatından sonra Cenevrədə BMT-nin verdiyi qərarla adada türk və yunanların ayrı-ayrı muxtar respublikaları quruldu. Lakin yunanlar bu qərarı pozduğu üçün Türkiyə ikinci barış hərəkatı başlatdı və 13 fevral 1975-ci ildə Kipr Türk Federal Dövlətini qurduq. O vaxtdan da yunan kəsimi Kipr türklərinə embarqolar tətbiq olunması üçün beynəlxalq təşkilatların ikili standartlarından istifadə edir. Ermənilərin Qarabağda Azərbaycan türklərinə yaşatdıqlarını, yunanlar da Kiprdə də bizə yaşatdılar. Mən illər öncə Kipr Türk Kültür Dərnəyinin rəhbəri olaraq Azərbaycana səfər etmişdim. Orada çıxış edərək bildirmişdim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozduğu kimi, Kipr türklərinin də torpaqlarını yunanlar işğal edib. Çıxışımda türklərə edilən qətllərlə əlaqədar bir komitə yaradılmasını da təklif etdim. Dedim ki, biz mövcudluğumuzu qorumaq üçün Türk dünyasının birliyinin möhkəmlənməsi çox önəmlidir”.

 

Dünyanın 28 şəhərində nümayəndəlik fəaliyyət göstərir

 

Əhməd Göksan bu gün ŞKTC-nin beynəlxalq birlik tərəfindən tanınmamasına baxmayaraq, BMT ilə yanaşı, Bakı, Vaşinqton, London, Berlin də daxil olmaqla dünyanın 28 şəhərində nümayəndəliyinin olduğunu dedi: “Mən inanıram ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatında mövqeyinin möhkəmlənməsində Azərbaycan da lazımi dəstəyi verəcək. Quruluşunun 40-cı ilində ŞKTC-nin beynəlxalq aləmdə tanınmasını arzu edirik”.

Mehparə Sultanova
Ankara