Lənkəran Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə “Bir oyuncaq” uşaqlara dəstək aksiyası keçirilib.

Aksiyanın məqsədi ucqar dağ kəndlərində yaşayan uşaqların sosial qayğı ilə əhatə olunması, eyni zamanda gənclər arasına təşəbbüskarlığın və vətəndaş məsuliyyətinin artırılmasından ibarətdir. Bu məqsədlə gənc təşəbbüs qrupu tərəfindən ucqar kəndlərdə yaşayan uşaqlar müxtəlif oyuncaqlar, idman və maarifləndirici dəftərxana ləvazimatı, digər əşyalarla təmin edilir.

Aksiya Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov və “Uşaq və Yeniyetmələrə Dəstək” İB-nin sədri Fərhad Abdulovun iştirakı ilə rayonun ucqar Gəgiran kəndində reallaşıb. Əvvəlcə kəndin şəhidlərinin məzarları ziyarət olunub, şəhid ailələri ilə görüş keçirilib, onların övladlarına hədiyyələr verilib.

Daha sonra kənddə yaşayan 150 uşağa oyuncaqlar, maarifləndirici ləvazimatlar hədiyyə edilib.

“Bir oyuncaq” uşaqlara dəstək layihəsinin davamlı olaraq müxtəlif ucqar dağ kəndlərində keçirilməsi planlaşdırılır.