Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi, bu ildə Uşaq hüquqları haqqında Konvensiyanın (1989) qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” (20 oktyabr - 20 noyabr) elan edilib. Aylıq çərçivəsində yerlərdə müxtəlif maarifləndirici tədbirlər təşkil olunur.

Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) üzrə Yevlax şəhər mədəniyyət işçiləri tərəfindən bu münasibətlə Gəncə şəhər Uşaq evi ziyarət olunub. Qeyd edilib ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin xüsusi diqqəti və qayğısı ilə əhatə olunublar. Onların sağlam, savadlı, tərbiyəli və vətənpərvər ruhda böyüdülməsi üçün burada hər cür şərait yaradılıb.

Tədbirdə şən klounların çıxışı, musiqiçilərin ifaları uşaqlarda xoş ovqat yaradıb.

Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

***

Xaçmaz RMİ Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və rayon MKS-nin Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə "Gələcək bizimdir" mövzusunda tədbir keçirilib.

Muzeyin direktoru Pakizə Mehdiyeva bildirib ki, sağlam düşüncə tərzinə malik gələcəyin təməli bu gün sağlam, savadlı uşaq və gənclərlə qoyulmalıdır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tariyel Didarov, regional idarənin baş məsləhətçisi Xalidə Əliyeva, rayon MKS-nin Uşaq şöbəsinin müdiri Günay Məsimova və digərləri mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Daha sonra maarifləndirici videoçarx və fotoslaydlar nümayiş etdirilib. Xaçmaz şəhər M.Babayev adına 1 nömrəli tam orta məktəbin şagirdləri kompozisiya nümayiş etdirib, şeirlər səsləndiriblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə “Uşaqlar hər bir dövlətin sabahıdır” adlı tədbir keçirib.

***

Ağstafa RMİ Qazax rayon Heydər Əliyev Mərkəzində “Uşaqların hüquq və vəzifələri” başlıqlı tədbir təşkil edilib. Regional idarənin tabeliyindəki digər mədəniyyət müəssisələrində də “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib.

***

Masallı RMİ Masallı Dövlət Rəsm Qalereyasında “Mənim rəngli dünyam” mövzusunda sərgi təşkil edilib. Sərgidə qalereyada fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət rəsmlər nümayiş olunub.

***

Sabirabad RMİ Saatlı rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə uşaq hüquqlarının müdafiəsinə dair maarifləndirici tədbir keçirilib. Uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları və s. məsələlərə toxunulub.

***

Şəmkir RMİ Göygöl rayon Mədəniyyət Mərkəzində "Uşaq hüquqları haqqında Konvensiya bizi müdafiə edir" başlıqlı tədbir keçirilib. Çıxışlarda uşaqların cəmiyyətə yararlı insan kimi formalaşmasının əhəmiyyəti vurğulanıb.

***

Şəki RMİ Şəki şəhər MKS-nin 49 nömrəli kitabxana filialı və Baş Zəyzid kənd Sənətkarlıq evinin birgə təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir!” adlı mühazirə keçirilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayıb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

Hazırladı: N.Məmmədli