Özbəkistanın Dövlət Nəqliyyat Universitetində azərbaycanlı yazıçı, şair, dramaturq, tərcüməçi və ədəbiyyatşünas, Özbəkistanın Əməkdar incəsənət xadimi Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, universitetinin prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin yaradıcılığı və onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Bildirib ki, böyük ədibin adı Qafur Qulam, Oybək, Abdulla Qahhar, Qeyrət, Osman Nəsir və digər məşhur ustadların adları ilə yanaşı çəkilir.

AMM-nin Kitabxana-informasiya mərkəzinin rəhbəri Kifayət Pirməmmədova Azərbaycan və özbək xalqlarının böyük oğlu M.Şeyxzadənin xidmətlərinin hər iki ölkədə yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, M.Şeyxzadə iki xalqın dostluq münasibətlərinin rəmzidir.

Özbəkistanın Respublika Mənəviyyat və Mərifət Mərkəzinin baş mütəxəssisi Gülçehrə İbrahimova da M.Şeyxzadənin yaradıcılığına toxunaraq, ədibin “Mirzə Uluqbəy”, “Cəlaləddin Manquberdi” dramları, “Daşkəndnamə” poemalarından söz açıb.

Sonda tədbir iştirakçıları Maqsud Şeyxzadəyə həsr olunmuş fotosərgi ilə tanış olublar. AMM-nin Kaykeb Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblı konsert proqramı ilə çıxış edib.