Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr tarixlərində Bakıda II “4.4 Qısa Tamaşalar Festivalı” keçiriləcək.

Təşkilat komitəsi festivalın proqramını müəyyənləşdirib. Festivala təqdim olunan 20-dən artıq tamaşadan 12-si müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Builki sənət yarışına dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.

Bundan əlavə, festivalın proqramında ölkənin müxtəlif teatrlarının repertuarından seçilmiş 7 müsabiqədənkənar tamaşa yer alıb.

Builki festivalın özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.

Tamaşalar tərtib olunmuş proqrama uyğun olaraq Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Pantomima və Kukla teatrlarında nümayiş olunacaq.

Zəngin proqram yalnız tamaşalarla bitmir. Tanınmış teatr mütəxəssislərinin ustad dərsləri, treninqlər və panel müzakirələri də nəzərdə tutulub.

Noyabrın 24-də Xalq artisti, Adana  Çukurova Universiteti Dövlət Konservatoriyasının (Türkiyə) professoru Cahangir Novruzovun “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzulu treninqi (ADMİU), noyabrın 30-da Tbilisi Beynəlxalq Teatr Festivalının art direktoru Yekaterina Mazmişvili və Tbilisi Beynəlxalq Teatr Festivalının prodüseri Nutsa Burjanadzenin, habelə K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladzenin iştirakı ustad dərsləri (Akademik Musiqili Teatr) olacaq.