Milli Məclis isə Azərbaycan Hökumətini müvafiq tədbirlər görməyə çağırıb

 

Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Diplomata noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.

XİN-in Mətbuat xidməti idarəsindən bildiriblər ki, Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb.

Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi bildirilib.

Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi vurğulanıb.

Qətnamənin Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”nin (1993) 2-ci maddəsinin 3-cü bəndi çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib.

Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinmək təkidlə tələb edilib.

Müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.

***

Noyabrın 16-da Milli Məclis Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.

Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib:

1. Fransa Hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.

2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması.

3. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi.

4. Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması.

5. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması.

6. Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.

7. Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

8. Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

***

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Fransa Hökumətinin mövqeyi deyil.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi, Cənubi Qafqaz üzrə xüsusi elçi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə səfiri Brice Rocquefeuil noyabrın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşdə bildirib.