Azərbaycan Yazıçılar Birliyində (AYB) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin hazırladığı "Azərbaycan kəlağayısı min illərin yadigarı" kitabının təqdimatı keçirilib. Kitabda kəlağayı haqqında dəyərli fikirlər, şeirlər, məqalələr toplanıb.

Tədbirdə çıxış edən ictimai birliyin sədri Güllü Eldar Tomarlı kitabda işıq üzü görən müəllif yazıları və şeirlərin kəlağayını oxuculara daha da sevdirəcəyini qeyd edib:

“Kəlağayı haqqında işıq üzü görən yeni kitabımız böyük səs-səda salıb, artıq ikinci cild üçün hazırlıqlara da başlanılıb, bu kəlağayıya olan sevgimizin bariz nümunəsidir. Kəlağayı min illərin yadigarıdır”.

Digər çıxış edənlər kitabın məziyyətlərindən danışıb, təəssüratlarını bölüşüblər.

Təqdimatda qədim Azərbaycan kəlağayıları nümayiş etdirilib, həmçinin Basqal ustalarından Mürşüd Talıbovun kəlağayı üzərində hazırlanmış Azərbaycanın tanınmış simalarından Xan qızı Natəvan, Üzeyir Hacıbəyli, Xan Şuşinskinin şəkillərini əks etdirən əl işləri təqdim olunub.