Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dünya şöhrətli Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib.

İttifaqın mətbuat xidmətindən bildiriblər ki, tədbiri ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq bəstəkarın parlaq və çoxşaxəli yaradıcılığından danışıb. Qeyd edib ki, Fikrət Əmirov musiqi mədəniyyəti tarixinə novator bəstəkar, yeni musiqi janrlarının yaradıcısı kimi daxil olub. Şifahi ənənənin əvəzsiz peşəkar musiqi nümunələrinə olan hədsiz heyranlığı onu simfonik muğamlar yaratmağa sövq edib. “Şur”, “Kürd ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları bəstəkara böyük şöhrət gətirib. Fikrət Əmirov illərdir Opera və Balet Teatrının repertuarında yer alan “Sevil” lirik-psixoloji operasının müəllifidir. Onun “Min bir gecə”, “Nəsimi” baletləri, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu” və s. əsərləri milli musiqi sənətimizin xəzinəsinə daxildir.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun “Fikrət zirvəsi” layihəsi çərçivəsində bəstəkarın əsərlərinin tam toplusu, onun yaradıcılığına həsr olunmuş kitablar, disklər işıq üzü görüb.

12-23 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunan musiqi festivalından da söz açan F.Əlizadə vurğulayıb ki, böyük bəstəkarın yubileyi bu günlərdə ölkəmizin hüduqlarından kənarda da qeyd olunur.

Konfransda Fikrət Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin direktoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Adilə Yusifovanın “F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbi dahi bəstəkarın irsinin qoruyucusu və təbliğatçısı kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın “Fikrət Əmirovun yaradıcılığında Nizami poeziyası” mövzularında məruzələri dinlənilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova Fikrət Əmirovun publisistik irsindən, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığının təbliği məsələlərindən danışıb.

Tədbirin musiqi hissəsində bəstəkarın vokal və instrumental əsərləri təqdim edilib.