Türkiyədə azərbaycanlı teleaparıcı, İstanbul Universitetinin doktorantı Səidə Ömərin həmmüəllifi olduğu “Azərbaycan mediasında alkoqol mövzusu və alkoqolun cəmiyyətə mənfi təsiri” (“Azerbaycan medyasında alkol temsili və alkolün topluma olumsuz etkisi”) adlı kitab nəşr olunub.

Kitabın digər müəllifi İstanbul universitetinin professoru Nilufər Pembecioğludur.

S.Ömər kitabla bağlı deyib: “Dünyada spirtli içkilərə aludəçilik artmaqda və cəmiyyətdə problemlər yaratmaqdadır. Bu araşdırmanı aparmaqda və oxuculara təqdim etməkdə məqsədim insanları spirtli içki aludəçiliyindən uzaqlaşdırmaq istəyidir. Kitabda Türkiyədə və Azərbaycanda yaşayan ziyalıların bu mövzuda fikirləri, eləcə də Azərbaycan filmlərindən mövzuya dair misallar verilib. Maraqlıdır ki, Azərbaycan kinosunda spirtli içkilərin təbliğatına yer verilməyib. Əksinə, filmlərimizdə spirtli içkilərdən istifadə ailədaxili problemlərə və pis nəticələrə gətirib çıxaran səbəblərdən biri kimi göstərilib”.

Professor Nilufər Pembecioğlu bildirib ki, çağdaş dövrdə insanların elektron kitablara marağı nəzərə alınaraq kitab daha çox bu formatda yayılacaq.

Kitabının redaktoru İstanbul Universitetinin professoru Uğur Gündüzdür.

Mehparə Sultanova
Ankara