Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının ikinci nömrəsi işıq üzü görüb.

Nəşrin 2022-ci ilin fevralında işıq üzü görən birinci buraxılışı Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq alim İshaq Cəfərzadənin xatirəsinə ithaf olunmuşdu.

Jurnalın yeni sayı Qobustan abidələrinin tədqiqatında əvəzsiz xidmətlərinə ehtiram əlaməti olaraq arxeoloq alimlər Cəfərqulu Rüstəmov və Füruzə Muradovaya həsr edilib. Nəşrin baş redaktoru Vəfa Hüseynovanın "Qobustanın pərvanələri" məqaləsi onların həyat və fəaliyyətindən bəhs edir.

Jurnalda həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Qobustan başlanğıcı və zirvəsi", Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Sabir Nəzirovun "Ecazkar tarix yadigarımız – Qobustan" məqalələri ilə də tanış ola bilərlər.

"Miras" bölməsində Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Cümalik Rəhimovun və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun böyük elmi işçisi Anar Babayevin məqalələri yer alıb.

Jurnalda Xalq rəssamı, heykəltəraş, akademik Ömər Eldarov, "Teatr dərdə dəvadır" deyən Xalq artisti, rejissor, aktyor Cahangir Novruzov, Əməkdar rəssam Natiq Səfərov, milli zərgərlik brendi "Rəsm"in yaradıcısı Rəsminə Qürbətova və Azərbaycanın ilk eşitməyən və danışa bilməyən modeli kimi tanınan Xaliq Məhəmmədzadə ilə müsahibələr də verilib.

"Yeddi gözəl" bölməsində Azərbaycanın müxtəlif profilli muzeylərindən seçilmiş eksponatlar haqqında məlumatlar təqdim edilir. "Mədəniyyət xeyriyyəçiləri" bölməsində isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın məqaləsi dərc olunub.

"Multikultural və tolerant Azərbaycan" bölməsi talışlara həsr olunub. Oxucular professor İmamverdi Həmidovun müəllifi olduğu məqalə vasitəsilə talışların etnik mədəni irsi və ədəbi-bədii yaradıcılığı ilə tanış ola bilərlər.

"Gəzək qarış-qarış Azərbaycanı" bölməsi 2023-cü il üçün “Türk Dünyasının Turizm Paytaxtı” seçilən Şamaxıya həsr edilib.

Azərbaycanlı alpinist Fərid Novruzi də jurnalın oxucuları ilə dünya səyahəti ilə bağlı xatirələrini bölüşür, onun "Vətən daşı" məqaləsi isə Qobustan abidələri haqqındadır.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov oxuculara 2021-ci ildə "Qastronomiya" mövzusu üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmiş Lənkəranın mətbəx mədəniyyəti barədə söz açır.

"Qobustan dünyası" elmi-metodiki, populyar jurnalında məqalələr Azərbaycan və ingilis dillərində verilib. Jurnalın dövriliyi ildə iki dəfədir.