Ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Muğam Mərkəzində (BMM) olub.

BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov mərkəzin solistlərinin bu ilin may ayında Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında uğurla iştirakını qeyd edib.

Sonra qonaqların şərəfinə muğam konserti təqdim edilib. Xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanı tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib. Konsert proqramı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov görkəmli Azərbaycan və özbək mütəfəkkir şairləri Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığından söz açıb. Diqqətə çatdırıb ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq xüsusilə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdə özünü göstərir. Azərbaycanın Özbəkistanla mədəni əlaqələrində muğam sənəti ilə bağlı layihələr isə xüsusi əhəmiyyət kəsb edir. BMM ilə yaxından tanış olan Bahadır Əhmədov Özbəkistan Muğam Mərkəzinin fəaliyyətindən bəhs edib, iki qurum arasında yaxın gələcəkdə elmi-nəzəri və mədəniyyət layihələrinin gerçəkləşdirilməsinin vacibliyini qeyd edib.