Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə keçirilən musiqi festivalı paytaxtda və Gəncədə davam edir.

12-23 noyabr tarixlərini əhatə edən festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub. Konsert Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) və Gəncə filarmoniyasının təşkilatçılığı ilə gerçəkləşib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin və dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər. Konsertdə bəstəkarın “Azərbaycan süitası”, “Azərbaycan elləri”, Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yaxdığı “Kor ərəbin mahnısı”, “Kürdi-ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın ariyası və "Azərbaycan kapriççosu", F.Əmirovun Elmira Nəzirova ilə birgə yazdığı “Piano və orkestr üçün ərəb mövzuları əsasında konsert” əsərləri səsləndirilib.

Konsertin proqramında F.Əmirovun işləməsində xalq mahnısı “Gözəlim sənsən”​ dirijor Mustafa Mehmandarovun redaktəsində ilk dəfə olaraq Azər Zeynalov tərəfindən ifa olunub.

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.