Bu il böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyidir. YAP-ın yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, partiyanın yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, Azərbaycan dövlətçiliyində rolu və s. ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Qeyd edək ki, YAP 91 nəfər Azərbaycan ziyalısının ümummilli liderə müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında yaradılıb.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrilib. Yeni Azərbaycan Partiyasının sədri 1992-2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri Prezident İlham Əliyevdir.

Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Yeni_Azerbaycan_Partiyasi_30/index.htm linkindən istifadə edə bilərlər.