Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında dünya şöhrətli Azərbaycanın müğənnisi və bəstəkarı Müslüm Maqomayevin 80 illiyinə həsr edilmiş konsert olub.

Konsert “Rossotrudniçestvo” Agentliyinin nümayəndəliyi – Bakıdakı Rus Evi tərəfindən təşkil edilib.

Müslüm Maqomayevin xatirə gecəsində ifaçının həyat və yaradıcılığı barədə məlumat verilib, onun repertuarından mahnılar Azərbaycan, rus və italyan dillərində səslənib. Gənc müğənnilər Camal Bəşirli, Zümrüd Davudova, Cəlal Kərimov, Opera və Balet Teatrının solistləri Müslüm Maqomayev istedadının bütün pərəstişkarlarının xoşladığı şlyagerləri ifa ediblər.

Konsertin sonunda Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov ifaçılara gözəl çıxışlarına görə təşəkkürünü bildirib, Müslüm Maqomayev haqqında danışıb. İ.Zinnurov deyib: “Müslüm Maqomayevin xatirəsi qəlblərimizdə daim yaşayır. Onun mahnıları qaldıqca o özü də daim bizim aramızdadır, yeni, gənc səslərlə oxuyur...”.