Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında istiqlal şairi Əhməd Cavadın (1892-1937)130 illiyi ilə əlaqədar “Yol ver türkün bayrağına” adlı seminar-məşğələ keçirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Metodika-biblioqrafiya şöbəsinin müdiri R.Mustafayeva şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, Əhməd Cavad şair, pedaqoq, ictimai-siyasi xadim, tərcüməçi kimi fəaliyyət göstərib. Milli şüurun dirçəlişinə xidmət edən əsərlər müəllifi 30-cu illər repressiyasının qurbanı olub. Şairin bir sıra əsərləri, xüsusilə də  “Çırpınırdın, Qara dəniz”, “Göygöl” və “Azərbaycan marşı” (Dövlət himnimizin sözləri) digər şeirləri dillər əzbəridir.

Şöbənin baş biblioqrafı İ.Sadıqova bildirib ki, o zaman da, indi də Cümhuriyyət deyəndə həm də Əhməd Cavad yada düşür. Milli oyanış, türk xalqlarının birliyinə çağırış, xalqın milli-tarixi yaddaşına qayıdış kimi anlayışlar şairin yaradıcılığının ruhuna hopub. Qeyd olunub ki, Şimaldan uzanan bolşevik caynaqları 23 aylıq Azadlıq körpəsini – Əhməd Cavadların könül verdiyi ilk Cümhuriyyətimizi beşiyindəcə boğub, 28 aprelin qara buludları 28 May günəşinin hərarətini kəsib. Bununla da qaranlıq zindanlar, edamlar, sürgünlər, mühacirətlər dövrü başlanıb. Bu qorxunc dalğa Əhməd Cavadı da qərq edib. Ancaq şair istiqlal idealları ilə əbədi yaşayacaq.

Sonda A.Babayeva və N.Hüseynova Əhməd Cavadın "Dan ulduzu", "Kölgəm ilə mən" şeirlərini səsləndiriblər.