Mirzə Fətəli Axundzadə – 210

 

Azərbaycan ədəbi-ictimai və fəlsəfi fikir tarixində Mirzə Fətəli Axundzadənin (1812-1878) böyük xidmətləri var. Zəngin yaradıcılığa malik olan ədib təkcə Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində deyil, eyni zamanda Yaxın Şərq maarifçilik hərəkatının qabaqcıl nümayəndəsi kimi tanınmışdır.

M.F.Axundzadə 1850–1855-ci illərdə altı komediya yazaraq ədəbiyyatımıza yeni ideya və baxışlar gətirmiş, dramaturgiyanın əsasını qoymuş, demokratik və maarifçi görüşləri ilə xalqımızın ictimai fikir tarixini zənginləşdirmişdir.

Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr verən ədibin bu xidmətlərini yüksək qiymətləndirən görkəmli nasir, dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev “Mirzə Fətəlinin faciəsi” adlı məqaləsində yazırdı: “1849-cu ildə canişin Vorontsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç komisyon təşkilinə əmr verdi. Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı...”.

M.F.Axundzadə sistemli maarifçiliyin əsasını qoymaqla bərabər, onun milli zəmində hərəkata çevrilməsinə kömək etmiş, özündən sonra yetişən ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətinə müsbət təsir göstərmişdir. Məhz M.F.Axundzadə ilə başlayıb XIX əsrin II yarısı, XX əsrin əvvəllərində inkişaf edən maarifçilik dövrü bədii-estetik fikri, zəngin milli xüsusiyyətləri, əlvan koloriti, tipik realist özünəməxsusluğu ilə diqqəti çəkir. Axundzadə maarifçilik və demokratik baxışlarını “Aldanmış kəvakib” (1857) povestində və “Kəmalüddövlə məktubları” (1865) fəlsəfi traktatında geniş şəkildə əks etdirmişdir. Sonuncu əsərdən aydın olur ki, şahzadələr (Kəmalüddövlə və Cəlalüddövlə) ölkələrində hökm sürən ağır vəziyyətlə barışa bilmir, ölkələrinin mədəni geriliyinə acıyır, düşmüş olduqları fəlakətlərdən xilas olmaq üçün yollar axtarırlar. M.F.Axundzadə bu iki şahzadəni öz ölkələrində hökm sürən ədalətsizlikləri aradan qaldırmaq məqamında təsvir edərək artıq dünya maarifçilərinin ümumbəşəri prinsiplərindən çıxış edirdi.

M.F.Axundzadənin maarifçi görüşlərinin formalaşması bilavasitə şəxsi həyatı ilə bağlıdır. O, Hacı Ələsgər kimi işıqlı bir şəxsdən dərs almaqla yanaşı, Gəncədə olarkən böyük mütəfəkkir, maarifçi, şair Mirzə Şəfi Vazehin də şagirdi olmuşdur. Xalqımızın işıqlı gələcəyi üçün gənc yaşların maarif yolu tutan Mirzə Fətəli 1836–1840-cı illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi kimi çalışmışdır.

 

30 il yeni əlifba uğrunda

 

M.F.Axundzadə realist əsərlər yazmaq və pedaqoji fəaliyyətlə məşğul olmaqla işini bitmiş hesab etməmişdir. O, maarifçiliyi kompleks şəkildə qəbul etdiyindən yeni əlifba məsələsini də diqqətdə saxlamışdır. Ədibin yeni əlifba uğrunda apardığı 30 illik mübarizə onun maarifçi düşüncəsinin formal deyil, real və gələcəyə hesablanmış fəaliyyət olduğunu deməyə əsas verir. Dramaturqun maarifçilik görüşlərinin kökünü yeni əlifba layihəsi uğrunda mübarizəsində axtaran mərhum ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə “Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı” monoqrafiyasında yazır: “M.F.Axundov bütün ömrü boyu xalqın tərəqqisi uğrunda yorulmadan mübarizə aparmışdır. Yeni əlifbanın maariflənmə və savadsızlığın ləğvi işində müstəsna əhəmiyyəti olacağını bilən Axundov onun həyata keçirilməsi uğrunda 30 ilə yaxın çalışmış, İrana və Türkiyəyə getmiş, Rusiya və Avropa ölkələrinə məktublar göndərmiş, dost və tərəfdaşları ilə yazışmış, onun gənc nəsil tərəfindən öyrənilməsi üçün yollar və vasitələrə əl atmış, heç bir şeyi əsirgəməmişdir”.

Dahi mütəfəkkir özünün yeni əlifba layihəsini doğma yurdu Nuxada (Şəki) da müzakirə etmək istəmiş, bu məqsədlə 1868-ci ildə doğma şəhərinə gəlmiş, lakin onun bu cəhdi həmyerlilərinin mövhumatçılığı və cəhalətpərəstliyi ucbatından müvəffəqiyyətsizliyə uğramışdır.

Mənbələrdə XIX əsrin II yarısı, XX əsrin əvvəllərində Şəkidə yazıb-yaradan İsmayıl bəy Nakamın M.F.Axundzadə ilə dostluq etməsi, onun maarifçilik görüşlərini alqışlaması ilə bağlı məlumatlar vardır. Tədqiqatçı alim Kamil Adışirinov 2006-cı ildə nəşr etdirdiyi “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı” monoqrafiyasında Nakamla Mirzə Fətəlinin münasibətlərindən bəhs edərək yazır ki, bir axşam tacir, axund və mollalardan ibarət qonaqlar Ağa Cabbarın evinə yığışır. Onların arasında M.F.Axundzadə də olur. Bir müddətdən sonra din xadimləri ilə M.F.Axundzadə arasında onların geriliyi və cəhalətpərəstliyi üçündən mübahisə başlayır. Mirzə Fətəli cəhalətpərəstliyin aradan qaldırılması üçün yeni əlifba layihəsi ilə çıxış edərək köhnə ərəb əlifbasının dəyişdirilməsi təklifini irəli sürür. Mübahisələrin gərgin vaxtında şair İsmayıl bəy Nakam və Ömər Əfəndi qızğın şəkildə onun tərəfində dururlar. Mübahisədə qələbə qazana bilməyən mollalar Ağa Cabbarın evini əsəbiliklə tərk edirlər. M.F.Axundzadə və onun həmfikirləri İ.Nakam və Ömər Əfəndinin çıxışları ilə bağlı şəhər hakimiyyətinə məlumat verirlər. İsmayıl bəy və Ömər Əfəndi evlərinə qayıtdıqdan sonra həbs olunaraq Yelizavetpola (indiki Gəncə) göndərilirlər. Mirzə Fətəli isə gecə Asya xalanın qapısını döyərək evində gizlənir. Ertəsi gün onun çadrasına bürünərək Tiflisə gedir...

 

Bütün gəncliyə...

 

M.F.Axundzadənin maarifçi görüşləri çoxcəhətliliyi ilə seçilir. Onun düşüncəsində uşağın ailədə tərbiyəsi mühüm yer tutur. Maraqlıdır ki, bu böyük mütəfəkkir ailə tərbiyəsi haqqında, sadəcə, fikir söyləməmiş, qənaətlərini öz ailəsinə də tətbiq etmişdir. Mənbələrin verdiyi məlumatlara görə, ədibin 13 övladı olmuş, onlar uzun ömür sürməmiş, yalnız qızı Nisa xanım və oğlu Rəşid sağ qalmışlar. Bu mənada onun oğlu Rəşidə yazdığı məktublar sanki bütün gəncliyə ünvanlanmışdır. Dahi ədib oğlu Rəşidin təhsil və tərbiyəsinə xalqının tərəqqi və yüksəlişi kimi baxmışdır. Onun təhsilə, maarifə verdiyi ən böyük qiymət qızı Nisa xanımı bütün qohum-qardaşlarının ondan öz döndərməsinə baxmayaraq Tiflis Qızlar gimnaziyasında oxutmasında, görkəmli maarifçi, dramaturq Rəşid bəy Əfəndizadəni (1863-1942) hərbçi olmaqdan çəkindirib adını Qori Müəllimlər Seminariyasının Müsəlman şöbəsinə yazdırmasında özünü göstərmişdir.

Fikrimizcə, M.F.Axundzadə heç zaman dinə qarşı çıxmamış, İslam dininə qara yaxan “din biliciləri”ni, xurafatçıları, sadə xalqı aldadıb düz yoldan döndərənləri tənqid etmişdir. Bu yerdə ədibin araşdırıcılarının fikirlərinə və arxiv sənədlərinə söykənərək bir faktı qeyd etmək yerinə düşərdi. Bu fakt M.F.Axundzadəni “kafir”, “dinsiz” adlandıranlara tutarlı bir cavabdır. Görkəmli ədəbiyyatşünas alim, professor Mikayıl Rəfili bu xüsusda yazmışdır: “Bir gün Tiflisdə Mirzə Fətəlinin mənzilinin qapısı döyülür. O, qapını açarkən qarşısında məhəllə poçtalyonunu görür. Poçtalyon ona Tiflisdə məskunlaşmış səfir Fon Fişerin məktubunu təqdim edir. Axundov məktubu oxuduqda ona məlum olur ki, səfir onu qəbuluna dəvət edir. Çağırılmış saatda Axundov onun qəbuluna gedir. Qapını açıb içəri girdikdə Tiflisin bütün tanınmış şəxslərini orada görür. Fişer ona müraciətlə deyir:

– Cənab Axundov, mən sizi iki sualdan ötrü narahat etmişəm.

Axundov Fişerə suallara cavab verməyə hazır olduğunu bildirir.

Fon Fişer soruşur:

– Deyin görək, siz həşərat dedikdə nə başa düşürsünüz?

M.F.Axundov bildirir ki, biz müsəlmanlar həşərat dedikdə torpağın altındakı cücüləri nəzərdə tuturuq. Fon Fişer həşərat dedikdə almanların da o cür düşündüklərini söyləyir.

Fon Fişer sonra soruşur ki, indi deyin görək Sizin “Quran” kitabınızda İslam dini daşıyıcılarını əsl insan, başqa din daşıyıcılarını “həşərat” adlandıran bir kəlam varmı? M.F.Axundov cavab verir ki, bizim “Quran” kitabımızda insanı mənəvi kamilliyə çağıran kəlamlardan başqa heç bir şey yoxdur”.

Mükalimədən də göründüyü kimi, böyük maarifçi yalançı din xadimlərinin ikiüzlülüyünü, onların dindən savadsız adamları aldatmaq üçün bir vasitə kimi istifadə etdiklərini onların üzünə dediyi üçün qəzəbə tuş gəlmişdi. Hətta 1878-ci ildə böyük ədib dünyasını dəyişəndə Qafqazın şeyxülislamı Molla Əhməd Səlyani onun meyit namazını qılmaqdan imtina etmişdi... Halbuki bu dahi sinəsində xalqının firavanlığı, xoşbəxt gələcəyi üçün şam kimi yanan alovlu bir ürək gəzdirirdi. O həm də multikultural düşüncəyə sahib idi – “Mən bəşər dostu bir insanam” deyirdi...

Nəticə etibarilə qeyd edə bilərik ki, M.F.Axundzadənin maarifçi görüşlərinin əsas qayəsi cəhalətə, mövhumata və fanatizmə qarşı mübarizə, elm və maarif uğrunda çalışmaq, Avropa ölkələrinin mütərəqqi dəyərlərini Vətənində yaymaq, şəxsiyyətin azadlığına nail olmaq idi. Mirzə Fətəlinin, demək olar ki, bütün əsərlərində qaldırdığı mühüm ictimai problemlər müsəlman aləminin həyat tərzi, dünyagörüşü ilə bağlı idi və eyni zamanda bəşəri əhəmiyyət kəsb edirdi. Əbəs deyil ki, ədibin “Kəmalüddövlə məktubları” “xurafatla mübarizədə yüz minlik bir ordunun görə bilmədiyi bir işi görən əsər” kimi dəyərləndirilmişdir. Sanki dahi dramaturq aşağıda ifadə etdiyi kəlamı öz həyatı üçün söyləmişdi: “Dünyada insan üçün ən böyük ləyaqət hissi özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yalnız yaxşı əməllər sayəsində ola bilər”. Sözün əsl mənasında, yaxşı əməllər sahibi olmuş mütəfəkkir ədib gələcəyimizə işıq tutan əsərləri ilə əbədi ömür qazanmışdır.

Tural Adışirin
AMEA-nın Şəki Regional Elmi Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri