Bu il görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, Emin Sabitoğlunun (1937-2000) anadan olmasının 85 illiyidir. Musiqi mədəniyyətimizin zənginləşməsinə məxsusi töhfələr verən bəstəkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir, sənətkarın işıqlı xatirəsi anılır, qəlb oxşayan musiqi əsərləri yada salınır.

Emin Sabitoğlu milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. 500-dən artıq mahnının müəllifi olan sənətkarın “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Alagözlüm”, “Çiçək yağışı”, “Şükriyyə”, “Payız gəldi”, “Ağ çiçək”, “Sıravi Əhməd”, “Mən sizə gələcəm” və dillər əzbəri olan neçə-neçə mahnıları onun yaradıcılığını əbədiyaşar edib.

Emin Sabitoğlu film və tamaşalara da unudulmaz musiqilər bəstələyib. Onun xüsusilə “Bizim Cəbiş müəllim”, “Dədə Qorqud”, “İstintaq”, “Ad günü”, “Ölsəm... bağışla” və s. filmlərə yazdığı musiqilər ekran əsərlərinin təsir gücünü daha da qüvvətləndirir.

Görkəmli bəstəkarın 85 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Emin Sabitoğlu” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası “Könülləri fəth edən sənətkar”, “Rəsmi sənədlər”, “Emin Sabitoğlunun həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Emin Sabitoğlu haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirə lövhəsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/E.Sabitoglu/index.html linkindən istifadə edə bilərlər.