Noyabrın 22-də Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, təkrarolunmaz melodiyalar müəllifi Emin Sabitoğlunun (1937-2000) 85 illiyi münasibətilə “Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatina” not məcmuəsinin təqdimatı olub.

Biblioqrafiyanın tərtibçisi Xeyransa Abbasova, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, ön sözün müəllifi Xalq artisti, bəstəkar Sərdar Fərəcov, redaktoru Elnur Nəciyevdir. Kitab Azərbaycan və rus dillərində tərtib olunub.

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq bildirib ki, Emin Sabitoğlunu yaşadan onun əsərləridir. Ürəkləri, qəlbləri oxşayan mahnıları hər zaman sevilə-sevilə müğənnilərimiz tərəfindən oxunub. Onun mahnıları ilə bir neçə nəsil sənətkarlar, musiqiçilər böyüyüb. İnsanlar var ki, dünyadan köçəndən sonra unudulurlar, ancaq Emin Sabitoğlu öz sənəti ilə yaşayacaq. Emin Sabitoğlu 600-dən çox mahnı bəstələyib, məhz o əsərlər bəstəkarı daim mənsub olduğu xalqın yaddaşında saxlayacaq.

Biblioqrafiya haqqında məlumat verən Kərim Tahirov onu da diqqətə çatdırıb ki, “Milli musiqi xəzinəmizdən” layihəsi çərçivəsində Emin Sabitoğlunun 1960-cı illərdə Moskvada yazdığı “Sonatina” əsəri not halında çap olunub.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli bildirib ki, hər bir kitab bizim üçün dəyərlidir. “Emin Sabitoğlu haqqında biblioqrafiya da bəstəkarın yaradıcılığını araşdıran tədqiqatçılar üçün zəngin bir mənbədir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Milli Kitabxananın təqdim etdiyi nəşrləri yüksək qiymətləndirib və bəstəkarın yaradıcılığından söz açıb: “Emin Sabitoğlunun bioqrafiyası hər kəsə məlumdur, ancaq mən bəzi məqamlardan danışmaq istərdim. Emin Sabitoğlu bir müddət Qara Qarayevin assistenti kimi çalışmışdır. Sonradan bizə dərs deyəndə biz onun başqa tərəfini – ziyalılığını, işinə sonsuz məsuliyyətini gördük. Biz Emin Sabitoğlunun mahnılarında novatorluq görürdük. Onun mahnıları o zaman çox populyar idi. Mahnının ilk notlarından bilirdik ki, bu, Emin Sabitoğlunun əsəridir. O bizim hafizəmizdə gözəl bir musiqiçi kimi qaldı. Onun mahnılarına qulaq asarkən bugünkü mahnıların yaxşı və ya pis olduğunu aydın şəkildə hiss edirik”.

“Sonatina” not məcmuəsinin redaktoru, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov tələbəlik illərini xatırlayıb: “Biz Emin Sabitoğlunu Konservatoriyanın foyesində görəndə çox həyəcanlanardıq. O dövrdə Emin Sabitoğlu tanınmış bəstəkar idi. Emin mahnılarına istədiyi çalar qata bilirdi. İstər dram olsun, istərsə də yumor”.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və başqa çıxış edənlər bəstəkarın yaradıcılığından danışıblar, uşaq musiqi məktəblərinin Emin Sabitoğlunun əsərlərinin notları ilə təmin olunmasının vacibliyini vurğulayıblar.