Sənət həyatını bütünlüklə ona həsr edənləri yaşadır. Xalq artisti Yaşar Nuri (3.9.1951 –22.11.2012) də 61 illik ömür payının 50 ilini sevib-seçdiyi aktyorluq sənətinə həsr etdi. Çoxşaxəli yaradıcılığının hər məqamında peşəsini ali səviyyədə təqdim etdiyinə görə dünyasını dəyişdikdən sonra da qəlblərdə, düşüncələrdə yaşayır, unudulmayıb. Sənətkarı vəfatının 10-cu ildönümündə yad edirik.
Rusiyalı publisist Qriqori Landau “Sənət həmsöhbətin susduğu dialoqdur” deyir. Ustad aktyor Yaşar Nurinin yaratdığı dramatik, komik obrazlar da düşüncələrimizdə yaşatdığımız müasirlərimizdir, həmsöhbətimizdir.
11 yaşından səhnəyə çıxan, “ilk müəllimim də, ustadım da atam olub” deyən sənət aşiqi teatr, kino fəaliyyətində özünü milyonlara sevdirməyi bacarıb. Yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda istedadını, bacarığını təsdiqləyən aktyor səhnə fəaliyyətinin ilkin mərhələsindən etibarən kinematoqrafçıların da diqqətini çəkib.
“Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Dörd bazar günü” filmində debüt rolunu (Seyran) oynayan aktyor bundan sonra ardıcıl olaraq filmlərə dəvət alıb, 50-yə yaxın ekran əsərində çəkilib. Həmçinin kinostudiyanın nəzdində fəaliyyət göstərən dublyaj studiyasında 20-yə yaxın yerli (“Ölsəm... bağışla” – Müdir (rolu ifa edən Tofiq İsmayılov), “Alma almaya bənzər” – Mehdi (Fazil Salayev), “Bağ mövsümü” – Cabbar (Mirzə Babayev), “Evlənmək istəyirəm” – Şamil (Şamil Süleymanlı) və s.), onlarla xarici kino personajlarını ustalıqla səsləndirib.
İlk dəfə “Bakıda küləklər əsir” filmində (1974) əsgər (Ceyhun Mirzəyev) rolunu səsləndirən Yaşar Nuri, həmçinin “Sehrli çıraq” (Yaşik), “Qurbanəli bəy” (Qurbanəli bəy), “Kitabi-Dədə Qorqud. Basat və Təpəgöz” (Təpəgöz) animasiya filmlərində personajları ifadəli səsi ilə kiçikyaşlı tamaşaçılara təqdim edib.
Teatr fəaliyyətində olduğu kimi, hər bir kino obrazı ilə də peşəkarlığını təsdiqləyən xarakterlər ustası bir ildə 2, bəzən 3 bədii filmə çəkilib, həmçinin “Mozalan” kinojurnalının 20-dən çox bədii süjetində maraqlı rollar yaradıb. “Mozalan” filmlərində oynadığı müdir (“Yeni iş üsulu”), baldızoğlu (“Baldızoğlu”), sərnişin (“Zərbə”), sərxoş (“Kömək”) kimi rolları ilə qeyri-normal xüsusiyyətə malik insanların gülüş və təəccüb doğuran cəhətlərini tənqid hədəfinə çevirib, davranış və düşüncələrini nəsillərin mühakiməsinə verib.
Kino fəaliyyətinin ilkin mərhələsində sosial mövzulu filmlərə (geoloq Mərdan – “Bizi dağlarda axtarın”, Rauf – “Mezozoy əhvalatı”, Nazimzadə – “Şeytan göz qabağında”, Bəşir – “Musiqi müəllimi” və s.) dəvət alan aktyor tədricən dramatik (Kərbəlayı Cəfər – “Qəm pəncərəsi”, Məşədi Oruc – “O dünyadan salam”, Mahmud – “Qətl günü” və s.), komik (İsrafil – “Bəyin oğurlanması”, Makintoş – “Yol əhvalatı”, Məmməd – “Lətifə”) ekran personajları ilə müəllif aktyor mövqeyindən çıxış edib, cəmiyyəti narahat edən vacib məsələləri, insani münasibətləri yaradıcılıq meyarına çevirib.
Əməkdar artist Nəcibə Hüseynovanın sözlərində aktyorun yaradıcılıq üslubunu izləyirik: “Yaşar Nurinin oyununu hələ tələbə olarkən, rus dramaturqu Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” əsəri əsasında hazırlanan tamaşadakı Neznamov rolunda görmüşdüm. Çox ciddi dramatik rol oynayırdı. Ondan bir kurs aşağıda oxuyurdum. Həmişə yuxarı kurs tələblərinin tamaşalarına gedib baxırdıq. Sonralar Yaşar Nurinin komik rollarını da gördüm. Hər bir rolunu içdən və inandırıcı oynayırdı.
Kinoda ilk dəfə “Tənha narın nağılı” filmində Mərcan rolunu oynamışam. Yaşar Nuri bu filmdə Qubad rolunda çəkilirdi. Onunla oynamaq rahat olsa da, tərəf-müqabil olmaq böyük məsuliyyətdir. Ciddiliyi ilə yanaşı zarafatları da olurdu. Güclü yumor hissinə malik olması, baməzəliyi istər-istəməz rolumu yaratmağa kömək edir, mənə stimul verirdi. Fasilə zamanı söhbət edirdik. Birdən görürdüm ki, rola keçid aldı. Sözlərindən, mətndən başa düşürdüm ki, söhbət əsnasında belə, rolu məşq edir və məni də rola hazırlayır. Mən də dərhal onun ardınca gedib replikalar verirdim. Beləcə, çəkilişdən əvvəl rahat, sərbəst şəkildə məşq edirdik. Epizodlar da təbii, səmimi alınırdı. Ümumiyyətlə, onunla işləmək çox rahat idi...”.
Kino xarakterləri yaddaşlara həkk edir, düşündürdüyünə görə də yaşadır. Yaşar Nurinin maraqlı, orijinal ekran obrazları yaddaşlarda iz salan, kinonun özünü yaşadan personajlardır. Əsl sənətkar qüdrəti də yaradıcılıqda düşüncələrə hakim kəsilmək, sənətin üstünlüyünü dönə-dönə sübut etməkdir. Yaşar Nuri bütün dövrlərin ehtiyac duyulan sənətkarı idi. Buna görə də teatr, kino fəaliyyəti ilə paralel olaraq dəvət aldığı televiziya tamaşaları ilə də uğuruna uğur qatdı, bir daha xalqın sevimlisinə çevrildi.
Aktyorun 70-80-ci illərdə televiziya tamaşalarında oynadığı Göyüş (“Kişilər”), Mais (“Yollar görüşəndə...”), Həsənağa (“Göz həkimi”), Surxayzadə (“Evləri köndələn yar”), Əli bəy (“Ordan-burdan”), 11 personaj (“Qonşu qonşu olsa”), 4 personaj (“Ac həriflər”) və digər rolları göz önündə canlandıqca Yaşar Nuri sənətinin nurundan hər evə, hər ocağa bu gün də pay bölündüyü bir daha təsdiqini tapır. Peşəkar rejissorlarla təkrar-təkrar çalışan aktyorun yaradıcılığı sübut edir ki, rejissorlar onu sevərək filmlərinə, tamaşalarına dəvət edib, əminliklə rol veriblər.
Mənbələrin birində Xalq artisti, rejissor Ramiz Həsənoğlunun aktyor haqqında söylədikləri diqqətimizi çəkir: “Yadıma gəlmir ki, mən hansısa yeni bir işi başlayanda Yaşar gözümün qabağına gəlməsin. Hətta Yaşarın həyatda olmadığı vaxtlarda belə, istər-istəməz onun aktyor məharəti barədə düşünərək ona həmişə rol vermək istəmişəm...”.
Komik rollar ifaçısı kimi yaddaqalan aktyorun istər kinoda (Mahmud – “Qətl günü”, Asim Əliyeviç – “Nə gözəldir bu dünya...” və s.), istərsə də televiziya tamaşalarında (Qəhrəman – “Kökdən düşmüş piano”, Elçin – “Səndən xəbərsiz” və s.) oynadığı dramatik obrazlar, sözün əsl mənasında, həyat məktəbinə çevrilir, insan mənəviyyatını tədqiq edir. Onun personajları ədəbi əsərlərin məzmun yükünü böyük məsuliyyət və qətiyyətlə üzərində daşımaqla mövzunun dərinliyinə varır, tamaşaçını mühitin ab-havasına salaraq əsərin ideyasını, məzmun dərinliyini cilalayır, düşündürür.
İnsan xarakterində nəzərə çarpan cahillik və çılğınlıq onun dünyagörüşünün bariz nümunəsi, problemlərin başlanğıcıdır. Məhz bu mənanda incəsənətin və sənət adamının həyat hadisələrini təhlil edərək (yaradıcılıqda) nizama salmaqda rolu əvəzsizdir. Yaşar Nurinin də kinoda, televiziya tamaşalarında canlandırdığı personajların təfsirində meşşan (Qurbanəli bəy), sərxoş (Andrey Buslay), özündən müştəbeh (Dadaşov), xudbin (Qurbanov) xarakterlər qınanıldı, ailədə, məişətdə, ümumiyyətlə, cəmiyyətdə aktual olan mövzular təhlil edildi, təzadlı insan xarakterləri fonunda həyat məsələlərinin qəlizləşmə, münasibətlərin mürəkkəbləşmə səbəbləri açıqlandı.
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərovun xatirələri aktyorun rola və tərəf-müqabillərinə olan münasibətini izah edir: “Yaşar Nuri ilə ilk sənət görüşüm “Şir evdən getdi” filmində olub. Ancaq filmdən əvvəl onunla tanış idim. Çünki anam Mailə xanım hələ kiçik yaşlarımdan məni radioya, televiziyaya aparırdı. Orada Yaşar müəllimlə tez-tez rastlaşırdım. Buna görə mən onun gözündə axıra kimi elə kiçik Elxan kimi də qaldım.
İllər ötdü, biz “Təxribat” filmində bir də görüşdük. Filmdə Yaşar Nurinin oynadığı Rəhimovla dialoqda olduğum bir səhnə var. Çəkilişə az qalmış Yaşar müəllim dedi ki, səni güldürəcəm, rolunu oynaya bilməyəcəksən. Mən isə ona, roluma tam hazıram və ciddiliyimi pozmayacam, dedim. Biz mərc gəldik. Mən qapıdan içəri girəndə Yaşar müəllimin üzündə məzəli ifadələri görüb özümü saxlaya bilmədim və güldüm. Təbii ki, mərci uduzdum. Eldar müəllim (rejissor Eldar Quliyev – red.) mənə bərk əsəbiləşdi. Növbəti dubl çəkiləndə Yaşar müəllim tamamilə fərqli mimikada yenə məni güldürdü. Eldar müəllim bu dəfə də mənə əsəbiləşdi. Üçüncü dublda Yaşar müəllimdən xahiş etdim ki, Eldar müəllimdən utanıram, xahiş edirəm, məni güldürməyin, çəkiliş alınsın. O, çox istedadlı olmaqla yanaşı, həyatsevər, çılğın insan idi. Ciddi atmosferdə belə zarafatından qalmırdı və mühitdə gözəl əhval-ruhiyyə yaradırdı.
Kinostudiyada görüşəndə hər dəfə mənə deyirdi ki, Cəfərov, ölüb gedəcəm, amma sən məni çəkmədin. Mən də ona, nə vaxt film çəksəm, mütləq sizi çəkəcəyəm, deyirdim. Təəssüflər olsun ki, onunla bir filmdə işləmək alınmadı. Düşünürəm ki, indi həyatda olsaydı, Yaşar müəllimə mütləq tam ciddi bir obraz verəcəkdim...”.
Şəhla Əmirli
kinoşünas