Noyabrın 25-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, bəstəkar, pedaqoq, Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək.

Sənətkar 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğuldur. Onun “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vəsaitləridir. “Naxçıvan - Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, muğamlarımızın və yallılarımızın nota köçürülməsində tarzən-pedaqoqun mühüm xidmətləri var.

Yaradıcılıq gecəsində konsert proqramı təqdim olunacaq. İfaçıları Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu AMEA Folklor İnstitutu nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” ansamblı müşayiət edəcək.