Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) azərbaycanlı şair, ədəbiyyatşünas-alim, yazıçı-dramaturq Maqsud Şeyxzadənin (1908-1967) anadan olmasının 114-cü ildönümünə həsr olunmuş “Azadlığa can atan şair” adlı tədbir keçirilib.

Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə təşkil olunan tədbirdə ali məktəblərin müəllim və tələbələri, ədəbiyyatşünaslar, yerli azərbaycanlılar iştirak ediblər.

AMM-nin direktor müavini Nadir Əlimirzəyev əvvəlcə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, məşəqqətli ömür yolundan danışaraq, bu cür şəxsiyyətlərin fəaliyyətinin xalqlarımız arasında bir dostluq körpüsü yaratdığını qeyd edib. O, Azərbaycanın Ağdaş rayonunda doğulan, ömrünün bir hissəsini Özbəkistanda yaşayan Maqsud Şeyxzadənin adının hər iki ölkədə əbədiləşdirildiyini bildirib.

Daşkənd Dövlət Nəqliyyat Universitetinin dekanı Abdulla Sotivoldiyev iki xalqın böyük oğlu olan, özbək ədəbiyyatında ölməz əsərlər yaradan Maqsud Şeyxzadənin yaradıcılığından bəhs edib. O, özbək xalqının qəhrəmanı olan Cəlaləddin Manguberdi haqqında möhtəşəm əsər yaradan Maqsud Şeyxzadəni özbək ədəbiyyatının Şekspiri adlandırıldığını qeyd edib.

Özbəkistan Elmlər Akademiyası nəzdində Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktor müavini Mənzura Otaconova bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, gənc nəsildə qardaş xalqların mədəniyyətinə hörmət hissinin aşılandığını qeyd edib.

Tədbirdə AMM-nin layihəsi əsasında Maqsud Şeyxzadəyə həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli film təqdim olunub. Sənədli filmdə yazıçının vətəni Azərbaycanda, Özbəkistanda yaşadığı illər, Daşkənddə keçən həyatının müxtəlif dövrləri, pedaqoji fəaliyyəti əks olunub.

Sonda tələbələr ədibin əsərlərindən səhnəciklər göstərib, şeirlər söyləyiblər.