Gələn ilin fevralında keçiriləcək növbəti, 73-cü Berlin Beynəlxalq Film Festivalında məşhur amerikalı rejissor Stiven Spilberqə fəxri “Qızıl ayı” mükafatı təqdim ediləcək. 76 yaşlı rejissor yaratdığı “Çənələr”, “Yadplanetlilər” və “Yura dövrünün parkı” kimi filmlərlə dünya kinosuna verdiyi töhfələrə görə təltif olunacaq.
Festival zamanı rejissorun yeni filmi – “Fabelmanlar” adlı yarımavtobioqrafik dramı da nümayiş etdiriləcək. Ekran əsəri kinematoqrafçının formalaşmasına və onun kinoya olan sevgisinə həsr olunub. Əsas rollarda Qabrielle LaBelle, Mişel Uilyams və Pol Dano çəkilib.
“Fabelmanlar”ın premyerası bu il Toronto Film Festivalında (Kanada) olub. Rejissor bu ekran əsərini karyerasının “ən şəxsi filmi” adlandırıb. Qeyd edək ki, Stiven Spilberq həmçinin 100-dən çox film və serialın ssenari müəllifi, eləcə də prodüseri olub. O, 19 dəfə “Oskar”a namizəd olub və 3 dəfə mükafata layiq görülüb.
73-cü Berlin Beynəlxalq Film Festivalı (Berlinale) 16-26 fevral 2023-cü ildə keçiriləcək.
Avropanın ən nüfuzlu üç kino forumundan biri olan “Berlinale”də ənənəvi olaraq əsas mükafat – “Qızıl ayı”, eləcə də müxtəlif nominasiyalar üzrə “Gümüş ayı”larla yanaşı, kinoda xüsusi xidmətlərə görə fəxri “Qızıl ayı” mükafatı da təqdim edilir.
72-ci Berlin Beynəlxalq Film Festivalında bu mükafata fransız aktrisa İzabel Upper (Isabelle Anne Madeleine Huppert) layiq görülmüşdü. Ondan öncəki iki festivalda isə fəxri “Qızıl ayı” Britaniyadan aktrisa, rejissor Helen Mirrenə və aktrisa, ssenarist Şarlotta Ramplingə verilmişdi.
V.Kamal