Noyabrın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 illiyi çərçivəsində bərpa olunmuş “Fikrət Əmirov” sənədli filminin təqdimatı keçirildi.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1985-ci ildə istehsal etdiyi ekran əsəri Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa edilib.
Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq sənətkarın həyat və yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, Fikrət Əmirovun yaradıcılığı keçmiş Sovet İttifaqının hər yerində, eləcə də Fransa, Meksika, Belçika, İngiltərə, Almaniya, Çexoslovakiya, Polşa, Rumıniya, Türkiyə, Mərakeş, İran, İsveç, İraq, Misir kimi ölkələrdə böyük dinləyici kütləsi tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək “Fikrət Əmirov“ sənədli filmindən və ekran əsərinin bərpa olunmasından danışdı. Qeyd etdi ki, filmdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilib. Sənədli kinolentə “Sevil” operasından, “Min bir gecə” baletindən ayrı-ayrı səhnələr, Xalq artisti Rəşid Behbudovun, Xalq şairi Nəbi Xəzrinin, rus-sovet bəstəkarı Tixon Xrennikovun xatirələri daxil edilib.
Tədbirdə daha sonra filmin rejissoru, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və başqaları çıxış edərək bəstəkarın bənzərsiz yaradıcılığından danışdılar.
Çıxışlardan sonra muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou nümayiş olundu.
Bəstəkarın qızı Sevil Əmirova çıxış edərək tədbirin təşkilatçı və iştirakçılarına ailələri adından təşəkkür etdi.
Sonda Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Respublika və beynəlxalq müsabiqələr laureatları Cəmalə Abdinzadə, Hüseyn Nağıyev, Surə Rüfət, Toğrul Abdullayev, Nərgiz Cabbarova, Xədicə İsmixanovanın ifalarında F.Əmirovun “Min bir gecə” baletindən “İntroduksiya”, “Min bir gecəni düşünərkən”, “Laylay”, “Sevgi rəqsi”, “Kor ərəbin mahnısı”, “Muğam-poema”, “Göygöl” əsərləri səsləndirildi.
Savalan Fərəcov