Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Azərbaycan müəllimi”, “Elm”, “Mədəniyyət”, “Səs”, “Şərq”, “Tibb qəzeti”, “Yeni Azərbaycan” qəzetlərində monitorinq həyata keçirilib. Aparılmış monitorinqin nəticələrinin əks olunduğu “Qəzetlərin dili monitorinq aynasında” adlı hesabat çapdan çıxıb.

Noyabrın 25-də Monitorinq Mərkəzində sözügedən hesabatla bağlı tədbir keçirilib. Tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, mərkəzin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, institutun şöbə müdiri dosent Kifayət İmanquliyeva, aparıcı elmi işçisi Sevinc Məmmədova, həmçinin dilçi alimlər, monitorinqə cəlb olunmuş qəzetlərin redaktorları və media nümayəndələri iştirak ediblər.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva giriş nitqində azad söz və mətbuatı demokratik cəmiyyətin və dövlətin göstəricisi kimi səciyyələndirib. Bildirib ki, bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir, klassik mətbuat nümunəsi olan qəzetlər funksionallığını dəyişərək xəbər çatdırmaqla yanaşı, təhlil, araşdırma, əyləncə xarakterli yeni məzmun və formaya sahib yazılar da təqdim edir: “Cəmiyyətdə və dünyada baş verənləri operativ şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər hallarda yeni yaranan anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış edir. Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən qəzetlər dilin daşıyıcısı kimi ədəbi dil normalarını da mütləq şəkildə qorumalıdır”.

S.Əliyeva qeyd edib ki, gündəlik çap mediası olan qəzetlərdə doğma dilimizin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinqin nəticələri “Qəzetlərin dili monitorinq aynasında” adlı hesabatda öz əksini tapıb. Hesabatda Azərbaycan dilinin tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər çap mediasında ciddi nöqsanların olduğunu deməyə əsas verir.

“Qəzetlərin dili monitorinq aynasında” adlı məruzə ilə çıxış edən mərkəzin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva monitorinq nəticəsində qeydə alınmış 2500 dil faktından 1769-nun hesabata daxil edildiyini, 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. Aşkar edilmiş nöqsanları təhlil edən M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturaların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu vurğulayıb.

Sonra tədbir müzakirələrlə davam edib. Monitorinq Mərkəzi Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan dilinin zənginliyindən, dilə alınma sözlərin daxil olma yolları, buna nəzarət və mətbuatda dilə münasibət məsələlərindən danışıblar.

“Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli və başqaları mərkəz tərəfindən aparılan monitorinqin və müvafiq hesabatın hazırlanmasının əhəmiyyətini qeyd edib, zəhməti keçənlərə təşəkkürlərini bildiriblər.

Çıxışlarda qəzetlərin çapa hazırlanması prosesində orfoqrafik qaydaların tətbiqi ilə bağlı ziddiyyətli məqamların olduğu diqqətə çatdırılıb. Bildirilib ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik vəziyyətini və inkişaf sürətini müəyyənləşdirdiyi üçün ona vahid prinsipin tətbiqi zəruridir.