Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən media nümayəndələrinin peşəkarlığının artırılması, çap mediası subyektlərində fəaliyyətin müasir tələblərə uyğun qurulması istiqamətində layihələr həyata keçirilir.

Noyabrın 24-də “JW Marriott Absheron Baku” hotelinin Xocasən zalında təşkil olunan təlim də bu qəbildən layihələrin davamı idi. Türkiyənin “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karaden tərəfindən aparılan təlimdə çap mediası subyektlərinin nümayəndələri iştirak edirdi.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli qeyd etdi ki, hazırda qəzet və jurnalların qarşısında duran əsas məsələ onlayn media ilə rəqabət şəklində necə fəaliyyət göstərməsidir: "Bizim hazırladığımız xəbər və məqalələr onlayn platformaya inteqrasiya etməlidir. Bizdə belə bir təəssürat var ki, bütün qəzetlərimizin elektron saytı var, bununla da işimizi bitmiş hesab edə bilərik. Amma qəzet məqaləsini olduğu kimi sayta yerləşdirmək onlayn mediaya inteqrasiyadırmı? Və yaxud da saytların dili ilə qəzetin dili, yəni publisistik üslub necə fərqlənir? Bu məsələlər dünyada gedən bir prosesdir və bütün medianı düşündürür. Biz istəyirik ki, qlobal dünyanın tərkib hissəsi olduğumuz üçün Azərbaycan mediası da bu proseslərdən kənarda qalmasın”.

Təlimin bu istiqamətdə ilk layihə olduğunu bildirən agentliyin Mediaya dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova dedi ki, MEDİA hazırda müzakirə olunan məsələlərin tətbiqi ilə bağlı jurnalistlərə dəstək göstərəcək.

Sonra Təlimdə Fırat Karadeniz “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”, “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması”, “Müasir oxucunun tələblərinə uyğun məzmunun təqdimatı” mövzularında fikirlərini, faktları dilə gətirdi, iştirakçıların suallarını cavablandırdı. O, qəzetin onlayn media vasitələri ilə uzlaşması məqsədilə dörd elektron əlavəsinin yaradıldığını və bu əlavələrin nəşrin reklam bazarının formalaşmasında böyük rol oynadığını diqqətə çatdırdı.

Qarşılıqlı fikir mübadiləsi ilə zəngin olan təlimdə yeni media mühitində çap mediası subyektlərinin konvergensiya prosesinin (konvergensiya – media texnologiyaları və platformalarının, bazarlarının, müxtəlif növ kütləvi informasiya vasitələrinin, jurnalistika funksiyalarının inteqrasiyası) aktiv iştirakçısına çevrilməsinin və çap mediasının müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti vurğulandı.

Təlimdə "Mədəniyyət" qəzetinin müxbiri Nurəddin Məmmədli də iştirak edib.