Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli pianoçu, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Azərbaycanda musiqili teatrın yaradıcılarından biri, rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb.

F.Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı – 1967) və Vianna da Motta adına (Portuqaliya, Lissabon, Pianoçuların Beynəlxalq Müsabiqəsi laureatı – 1968) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşıb. Pianoçu mütəmadi olaraq dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri edir. O, həmçinin bəstəkar kimi bir sıra əsərlərin müəllifidir.

1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru olan Fərhad Bədəlbəyli, həmçinin 1989-cu ildə Azərbaycan Musiqi Xadimləri Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olub və o vaxtdan bu qurumun sədridir.