Antalyada Böyük Zəfərin 100 illiyi münasibətilə konqres keçirilib

 

Noyabrın 24-dən 27-dək Türkiyənin Antalya şəhərində Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı (BATHİ) və “Türk Eyitim-Sen” – Təhsil üzrə Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə IV Beynəlxalq Türk dünyası təhsil və sosial elmlər konqresi keçirilib.

Böyük Zəfərin (30 avqust 1922-ci il) 100 illiyinə həsr olunan tədbirdə “Türk Eğitim-Sen”in və Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqının rəhbəri Talip Geylan və sözügedən quruma üzv təşkilatlarla yanaşı, Türk dünyasından tanınmış alimlər iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən Talip Geylan bildirib ki, bu konqreslər, Türk dünyasının sayılıb-seçilən elm adamlarını bir araya gətirmək və ortaq layihələr hazırlamaq məqsədilə təşkil olunur: “Türkiyə ilə Türk dünyası arasında mədəni əməkdaşlığa töhfə verəcəyinə ümid etdiyimiz konqresdə sizinlə birlikdəyik. Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Qazi Mustafa Kamal Atatürkün “Həyatda ən doğru yol göstərən elmdir” kəlamı bizim üçün əsasdır”.

Rəhbərlik etdiyi qurumun Türk dünyasının tarix və elminə işıq tutan layihələri haqqında məlumat verən T.Geylan Atatürk hər zaman Türk birliyinə inandığını söyləyirdi. Bu anlamda birlik və səmimiyyətin, qardaşlığın və ürəklərin birlikdə döyünməsinin faydalarını Qarabağ Zəfəri və Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsi ilə bir daha gördük.

Konfransda eyni zamanda Qırğızıstan Təhsil və Elm İşçiləri İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Qazaxıstan Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının sədr müavini Ernar İmanbayev, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Zəfər Məmmədov, Şimali Makedoniya İnformatika və İctimai Əlaqələr Nazirliyinin müşaviri və “Üfüq” dərnəyinin prezidenti Elvin Həsənin çıxışları dinlənilib. Ümumilikdə 34 ölkədən minə yaxın elm adamının iştirak etdiyi konqresdə 721 məruzə təqdim olunub.

Protokol çıxışlarından sonra “Ali Baş Komandan Mustafa Kamal Atatürk” açılış paneli keçirilib. Daha sonra “Marşal Fevzi Çakmak”, “Mirli və İsmət”,  “Polkovnik Asım Gündüz” və “Nurəddin paşa” panelləri keçirilib.

Qeyd olunub ki, konfransda təqdim olunan bütün elmi məruzələr nəşr edilərək yayımlanacaq.

Qeyd edək ki, 1922-ci il avqustun 30-da milli azadlıq mücadiləsinə qalxan mətanətli Türkiyə Ordusu böyük sərkərdə, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün komandanlığı altında Qurtuluş Savaşının taleyini və Türkiyənin gələcək müqəddəratını həll edəcək Zəfər qazanıb.

Mehparə SULTANOVA
Ankara