Xəbər verdiyimiz kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Mərakeşin Fəs şəhərində keçirilən (22-23 noyabr) BMT-nin Sivilizasiyalar Alyansının IX Qlobal Forumunun tərəfdaşlarından biri olub. Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də iştirak ediblər.

Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin özünün təşkilatçı olduğu X Qlobal Bakı Forumuna hazırlıq da müzakirə edilib. Qlobal Bakı Forumu 2013-cü ildən ənənəvi olaraq keçirilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib ki, yubiley forumuna hazırlıq məqsədilə təşkilat komitəsinin Mərakeşdə keçirilən toplantısında Latviyanın sabiq prezidentləri Vayra Vike-Freiyberqa (Mərkəzin həmsədri) və Valdis Zatlers, Serbiyanın, Bosniya və Herseqovinanın, Bolqarıstanın, Gürcüstanın sabiq prezidentləri Boris Tadiç,  Mladen İvaniç, Petar Stoyanov, Giorgi Margvelaşvili, Ərəb Liqasının sabiq baş katibi Amir Musa, ICESCO-nun sabiq direktoru Əbdüləziz əl-Tuveycri və başqaları qatılıblar. Mərkəzin baş katibi Rövşən Muradov da təşkilat komitəsinin iclasında iştirak edib.

2023-cü ildə keçiriləcək X Qlobal Bakı Forumunda dünyanı narahat edən sülh və təhlükəsizlik, enerji, səhiyyə, Azərbaycanın Şərq və Qərb arasında artan strateji əhəmiyyəti, Avropa Birliyi, Afrika və Mərkəzi Asiya ölkələrinin gələcəyi, BMT-nin fəaliyyətinin səmərəliliyinin artırılması kimi məsələlər müzakirə ediləcək.

X Qlobal Bakı Forumuna hazırlıqla bağlı təşkilat komitəsinin növbəti, geniş tərkibdə toplantısı dekabrda Latviyanın paytaxtı Riqada keçiriləcək.