Avropa Şurasının ixtisaslaşmış qurumunun növbəti iclası keçirilib

 

23-25 noyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası (AŞ) Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 11-ci plenar iclası olub. Hibrid formatda keçirilən iclasa 46 ölkə və təşkilatdan nümayəndələr qatılıb. İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Murad Əliyev də iştirak edib.

Tədbir zamanı AŞ-nin mədəniyyət, irs və landşaft istiqamətlərində olan konvensiyalarının və tövsiyə sənədlərinin icra vəziyyəti haqqında müzakirələr aparılıb, üzv ölkələr tərəfindən aparılan işlər barədə qısa hesabat verilib. Həmçinin üzv ölkələr arasında təcrübələrin paylaşılmasında akademik dairələrin, müstəqil ekspertlərin və gənclərin rolundan söz açılıb. İclas zamanı AŞ-nin mədəniyyət və irs sahəsi üzrə ixtisaslaşmış digər layihələri barədə geniş məlumat verilib və Azərbaycan da daxil olmaqla fəal ölkələrə göstərilən dəstəyə görə minnətdarlıq ifadə edilib.

Bununla yanaşı, müvafiq sahələr üzrə dayanıqlı sülhün və süni intellektin mədəniyyət sahəsinin inkişafında töhfəsi iclasda əsas müzakirə mövzularından olub. Bu xüsusda  Murad Əliyev Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlər, mədəni irsimiz və ölkəmizin irəli sürdüyü “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” qlobal çağırışı kimi təşəbbüslər barədə məlumat verib, AŞ ilə əməkdaşlıq perspektivləri barədə danışıb.

İclasın sonunda CDCPP-nin Bürosuna seçkilər keçirilib. Büronun növbəti iki il üçün sədri vəzifəsinə Norveç təmsilçisi Terye Birkrem Holand seçilib.