Nazirliyin tərəfdaşlığı ilə çəkilən “Atabəylər: Şəmsəddin Eldəniz” serialının treyleri təqdim edilib

 

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) mütəmadi olaraq dövlət rəsmiləri ilə görüşlər təşkil edir.

Noyabrın 25-də “JW Marriott Absheron Baku” hotelində qurum tərəfindən keçirilən növbəti görüşün qonağı mədəniyyət naziri Anar Kərimov olub.

Görüş iştirakçılarını salamlayan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli palatanın 2022-ci il üçün strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib, qarşıda duran planlardan bəhs edib.

Sonra çıxış edən “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu görüşə qatıldığına görə mədəniyyət naziri Anar Kərimova minnətdarlığını bildirib.

Dəvətə görə təşəkkür edən Anar Kərimov deyib ki, hər bir xalqın qürur duyduğu sahələrdən biri onun mədəniyyətidir. Çünki mədəniyyət xalqların dəyərlərini, adət-ənənələrini, kimliyini göstərir: “Biz də, sözsüz ki, qədim və zəngin mədəniyyətimizlə fəxr edirik. Buna görə də mədəniyyətimizin daha da inkişafı, gələcək nəsillərə ötürülməsi üçün əlimizdən gələni etməliyik”.

Nazirliyin mədəniyyətə strateji baxışları haqqında məlumat verən Anar Kərimov bildirib ki, niyyətimiz mədəniyyətin davamlılığını qorumaq, mədəniyyəti həyat tərzimizin ayrılmaz və zəruri parçası kimi təşviq etmək, eyni zamanda onu müstəqilliyimizin bir təzahürü olaraq inkişaf etdirməkdir: “Biz həmçinin mədəniyyətin iqtisadi inkişafa töhfəsini də artırmaq istəyirik. Nazirlik azərbaycanlı kimliyini ucaldan, xalqımızı mənəvi baxımdan zənginləşdirən, yaradıcılığı və innovasiyanı təşviq edən bir mədəniyyət yaratmağa çalışır. Bunu reallaşdırmaq üçün konkret addımlar atmalıyıq. Burada bizim üçün ən önəmli beş fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu istiqamətlər şəffaflığın təmin edilməsi, səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması, effektivliyin artırılması və rəqəmsallaşdırmanın aparılmasıdır. Mədəniyyət Nazirliyi 5 minə yaxın müəssisəni əhatə edir. Həmin müəssisələrdə 45 minə yaxın insan çalışır. Bu sistemə şəffaflığın gətirilməsi, idarəetmənin təkmilləşdirilməsi və effektivliyin artırılması ən vacib məsələlərdən biridir”.

2022-ci ildə tarix-mədəniyyət abidələrinin qorunması və qeydiyyatı haqqında söz açan nazir bildirib ki, bu ilin ilk on ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonalarının layihələndirilməsi aparılıb. Bu addımlar həm də abidələrə kənar müdaxilənin qarşısının alınması məqsədilə atılır: Son iki ildə abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiya müşahidə olunur.

Anar Kərimov, həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətini canlandıracaq innovativ əyləncələr layihəsi haqqında da məlumat verib, kino sahəsində, işğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpası istiqamətində nazirlik tərəfindən görülən və görüləcək işlərdən danışıb. Nazir bu sahələrə dövlət-özəl sektor tərəfdaşlığının önəmli töhfə verə biləcəyini də diqqətə çatdırıb.

Sonra “AmCham Azərbaycan”ın rəhbərliyi tərəfindən nazirə xatirə hədiyyəsi təqdim olunub.

***

Tədbirdə Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən həyata keçirilən “Atabəylər: Şəmsəddin Eldəniz” adlı çoxseriyalı bədii televiziya filmi haqqında da məlumat verilib.

QSC-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədov bildirib ki, bu, Azərbaycanda ilk tarixi serialdır. Serialda XII-XIII əsrlər tariximizə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi mənzərəsi ilə yanaşı, elmi və mədəni mühitini təmsil edən şəxsiyyətlərin obrazı canlandırılacaq: “Çalışmışıq ki, şanlı tariximizi mükəmməl şəkildə ekranlaşdıraq. Gələcək nəsillər bu filmə baxıb tariximizlə fəxr eləsinlər”.

“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filminin treyleri nümayiş etdirilib.

Qeyd edək ki, çoxseriyalı televiziya filminin çəkilişi Azərbaycan və Türkiyə kinematoqrafçılarının bir araya gəldiyi “Şahdağfilm” prodakşn şirkətinə həvalə olunub. Layihəyə AMEA-nın Tarix İnstitutundan da mütəxəssislərdən ibarət işçi qrup cəlb edilib. Ssenaridə Nizami Gəncəvinin “Xəmsə”si, eləcə də Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı, İsa Muğannanın “Gurün’’ romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması və s. tarixi əsərlərdən istifadə olunub.

“Amcham Azərbaycan”ın birinci vitse-prezidenti İlqar Mehdi və Marketinq, kommunikasiya və biznesin inkişafı üzrə işçi qrupunun sədri Aysel Süleymanova çıxış edərək film layihəsi haqqında fikirlərini bölüşüblər.

Nurəddin Məmmədli