Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə BXA-nın tələbə-müəllim heyəti və Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov iştirak edib.

Giriş nitqi söyləyən BXA-nın tədris işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən dosent Yeganə Tapdıqova müasir dövrün böyük narahatlıq törədən problemlərindən olan insan alveri və ona qarşı aparılan mübarizə barədə məlumat verib.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov çıxış edərək idarənin yaranması və fəaliyyəti haqqında məlumat verib. O, “insan alveri” anlayışının mahiyyətini açaraq bu cinayət növündə cinayətkar tərəfindən zor tətbiqi, zərərçəkmiş şəxsə imtiyazlar vədi və dələduzluq vasitəsilə təsir imkanlarından istifadə etməklə qarşı tərəfin istismar olunmasından söhbət getdiyini bildirib.

Tədbirdə insan alverinin müxtəlif formalarından: cinsi istismar, köləlik, məcburi əmək, insan orqanlarının alveri və s. haqqında söz açılıb, insanların bu kimi hallarla rastlaşdıqda aldanmamaları üçün istifadə ediləcək metod və vasitələrdən danışılıb. Qeyd olunub ki, bu kimi hadisələrlə üzləşdikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 150 qaynar xəttinə müraciət edilməlidir.

Sonda İ.Əhmədov tərəfindən tələbə və müəllimlərin sualları cavablandırılıb.