Qayaüstü rəsmlər üzrə Avropa mədəni marşrutunun iclasında Qobustan qoruğunun fəaliyyəti təqdir edilib

 

Qobustan Milli Tarix-Bədii Qoruğu “Tarix öncəsi qayaüstü sənət cığırları” (“Prehistoric Rock Art Trails” – PRAT-CARP) Avropa mədəni marşrutunun İspaniyanın Rodriqo şəhərində keçirilən 2022-ci il üzrə yekun hesabat iclasında təmsil olunub.

İclasda qoruğun elmi katibi Sabir Nəzirov, aparıcı elmi işçiləri Sevinc Şirinli və Nuranə Həsənli iştirak ediblər.

Toplantını “PRAT-CARP”ın İdarə Heyətinin prezidenti Germinal Peiro açaraq təşkilatın cari ildə gördüyü işlər, keçirdiyi tədbirlər və təşkilata üzv olan qoruq və muzeylərin fəaliyyəti barədə danışıb. Uğurlu fəaliyyət göstərən qoruqlar arasında Qobustan Milli Tarix-Bədii Qoruğunun da adı çəkilib.

8 ölkədən 56 nümayəndənin qatıldığı iclasda Sevinc Şirinli “Qobustan Milli Tarix-Bədii Qoruğunun postpandemiya dövrü fəaliyyəti, qoruqda həyata keçirilən elmi tədqiqat layihələri, turizm və beynəlxalq əməkdaşlıq” mövzusunda təqdimatla çıxış edib. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda qoruğun nəşri olan “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloq və “Qobustan dünyası” jurnalı iştirakçılara təqdim olunub.