28 noyabr – 3 dekabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası keçirilir.

Sessiyada gündəlikdəki digər məsələlərlə yanaşı, UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısı”na və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na təqdim edilən milli və çoxmillətli nominasiyalar da müzakirə olunur.

Noyabrın 29-da sessiyada Türkiyənin təqdim etdiyi “Ahlat daşişləmə ənənəsi” (Traditional Ahlat stonework) milli nominasiyasına baxılıb və müsbət qərar qəbul olunub.

Bu, Türkiyənin UNESCO-nun müvafiq siyahılarına daxil edilən sayca 22-ci qeyri-maddi mədəni irs elementidir.

Qeyd edək ki, Hökumətlərarası Komitənin 17-ci sessiyasında nəzərdən keçirilən elementlər arasında Azərbaycanın təqdim etdiyi “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya var: “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə).