Görkəmli bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illiyi silsilə layihə və tədbirlərlə qeyd olunur.

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş edib. Milli zəminə bağlı bəstəkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsərlər ərsəyə gətirib.

Onun əsərləri dünyanın bir sıra ölkələrində mötəbər konsert salonlarında səslənərək müəllifinə və Azərbaycan musiqi mədəniyyətinə şöhrət qazandırıb. Bəstəkarın 100 illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə yubileylər proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda verilən yüksək qiymətin təzahürüdür.

Sənətkarın yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Fikrət Əmirov – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, mükafatları, əsərləri, Fikrət Əmirovun zəngin yaradıcılığı haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.