Uzun illər Salyanda Rayon Mədəniyyət Mərkəzinə rəhbərlik etmiş Əlizadə Əliyev 17 noyabr 2022-ci ildə, ömrünün 74 yaşında dünyasını dəyişib.
Əlizadə Abı oğlu Əliyev 23 fevral 1948-ci ildə Salyanda dünyaya göz açıb. İlk gənclik yaşlarından incəsənətə maraq göstərib. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb. O, sənət dostu, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovla birgə 1973-cü ildə Salyanda kukla teatrını yaradıblar.
Ə.Əliyev ömrünün əsas hissəsini Salyanın teatr mühitinin, mədəni həyatının inkişafına həsr edib. O, təkcə mədəni təşkilatçı olmayıb, eyni zamanda mədəniyyəti tədqiq və təbliğ edənlərdən olub.
Uzun illər Əlövsət Quliyev adına Salyan rayon Mədəniyyət evinə, sonralar isə rayon Mədəniyyət Mərkəzinə rəhbərlik edib. Bu mədəniyyət ocağında “Güzgü” adlı satirik miniatür teatrını yaradıb. Ə.Əliyevin rəhbərliyi ilə rayon Mədəniyyət Mərkəzinin əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirdiyi konsert proqramları, nümayiş olunan tamaşalar sakinlər tərəfindən rəğbətlə qarşılanıb. O, göstərilən bir sıra tamaşalarda səhnəyə çıxaraq məharətli aktyor kimi də özünü təsdiq edə bilib.
Ə.Əlizadə Salyanın ictimai-mədəni həyatında mühüm xidmətləri olmuş aşıq Pənah Pənahov, Qurbanxan Sadıqov, Aşıq Bəylər, görkəmli xanəndə Qulu Əsgərov və digərlərinin tanınıb təbliğ edilməsi üçün əlindən gələni əsirgəməyib.
Təcrübəli mədəniyyət işçisi fəaliyyəti dövründə ayrı-ayrı təşkilatların diplom və fəxri fərmanlarına layiq görülüb.
Allah rəhmət eləsin.