Ölkəmizin Almaniyadakı səfirliyi noyabrın 29-da Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanda alman izləri” adlı tədbir keçirib. Səfirlikdən verilən məlumata görə, tədbir Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.

Tədbirdə Bundestaq üzvləri, Almaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, Almaniyada yaşayan Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə istehsal olunmuş “Azərbaycanda alman izləri” filmi nümayiş etdirilib.

Səfir Nəsimi Ağayev çıxış edərək Almaniya ilə ölkəmiz arasında münasibətlərin tarixindən və müasir vəziyyətindən danışıb. Bildirib ki, xalqlarımız arasında əlaqələrin inkişafı XIX əsrin əvvəllərində Almaniyanın hazırkı Baden-Vürttemberq ərazisindən alman şvabların Azərbaycana köçü ilə bağlıdır. Qeyd edib ki, II Dünya müharibəsi illərində Stalin hakimiyyəti tərəfindən Mərkəzi Asiya və Sibirə deportasiya olunana kimi almanlar ölkəmizdə azərbaycanlılarla birgə mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar.

Diplomat müasir Azərbaycan-Almaniya münasibətlərinin bu zəngin tarixdən bəhrələndiyini ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycanın Qərbi Avropa ölkələri arasında ilk səfirliyi 1992-ci ildə məhz Almaniyada açılıb. Səfir hazırda bütün sahələrdə ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mattias Lüttenberq iki ölkənin münasibətlərinə nəzər salıb, və qarşılıqlı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini söyləyib.

Daha sonra tədbirə Bakıdan məruzəçi qismində dəvət olunmuş tarixçi Fuad Axundov “Azərbaycanda alman izləri” mövzusunda təqdimat edib, almanların Azərbaycana köçünün tarixi aspektləri, ölkəmizdə əsası qoyulmuş alman yaşayış məskənləri, oradakı alman icmasının həyat və fəaliyyəti haqda danışıb.

Tədbirə almaniyalı professor Eva Maria Aux moderatorluq edib.

Hamburq şəhərində yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçi Tural İsmayılovun yaratdığı “Anima Şirvani” Azərbaycan-alman ansamblının ifasında alman barokko musiqisi və Azərbaycan muğamının sintezi böyük maraqla qarşılanıb.